Yəqin mənim kimi VII Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət etmiş hər kəsin bu kitab bayramı haqqında öz təəssüratları var. Oxucu ilə kitabı görüşdürən, onların vasitəçisiz canlı ünsiyyətini yaradan sərgi maraqlı, fərqli ideya və yeni hədəflər üçün ideal məkan idi.
Sərgi boyu müşahidə etdiyim bir amil daha qabarıq gözə çarpırdı: kitab alıcısı qiymətlə yanaşı, məhsulun keyfiyyətinə də yaxşı diqqət yetirir və öz istehlakçı hüquqlarını birbaşa naşirlərlə müzakirə edirdilər. Böyüklərin ekzotik qəhvə ətrində kitabla ünsiyyətindən fərqli olaraq uşaqlar gah mərkəzin foyesindəki rəsm, qrafika sərgilərində şaqraq qəhqəhələr saçaraq dolaşır, gah boy kukla-aktyorların arasında dövrə vurur, gah da Azərbaycan Dövlət Kukla Teatrının hazırladığı Nizami Gəncəvinin poemaları əsasında “Xəmsə” miniatürləri”ni izləyib alqışlayırdılar. Mərkəzin foyesində qurulan səhnə və klassik kukla elementlərinin böyük Nizami irsinə tətbiqi uşaqların və elə böyüklərin də marağına səbəb olmuşdu. Səyyar səhnənin qarşısında qurulan oturacaqlar daim dolu olur və tamaşaçılar canlı ünsiyyətdən zövq alırdılar.
Fərqli platformalarda maraqlı müzakirə və görüşlərlə yadda qalan sərgi günlərində uşaq kitabı və onların müasir oxucu ilə rabitəsi də söhbət mövzusuna çevrildi. Bu qəbildən “Azərbaycan və Türkiyədə uşaq ədəbiyyatı və nəşriyyat evlərinin cari vəziyyəti” adlı növbəti müzakirə də vacib məqamları ortaya çıxardı.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimovanın moderatorluğu ilə keçən müzakirədə hər iki ölkədə bu sahə ilə bağlı fəaliyyət istiqamətləri, mövcud çatışmazlıqlar müzakirə olundu. Yaradıcı atmosferdə baş tutan tədbir bir çox məqamları ilə faydalı oldu: hər iki ölkənin uşaq nəşriyyatlarının maraq dairələri, funksionallıq səviyyələri, iş mexanizmləri və yazarlarla əlaqə qurma prinsipləri ilə bağlı çox geniş söhbətlər aparıldı.
Elnarə Akimova sərgidə uşaq ədəbiyyatına geniş yer verilməsini təqdirəlayiq hal kimi dəyərləndirdi: “Sərgi çərçivəsində uşaq ədəbiyyatına yer ayrılması, həm də buna bütün yaş senzinə malik uşaqları nəzərə alaraq reallaşdırmaq səriştəsi təqdir olunası faktdır. Nağıl saatlarının, kukla tamaşalarının təşkil edilməsi, uşaq yazarlarının mətnlərinin təqdimatı ilk dəfədir ki, bu qədər geniş və sistemli şəkildə aparılır. Düşünürəm ki, bu qədər dolğun mühitdə istənilən mövzunu müzakirə və təhlil etmək maraqlı və məhsuldardır. Zənnimcə, Bakı Beynəlxalq Kitab Sərgisinin ən böyük müstəsnalığı müxtəlif ölkələrdə yaşayıb-yaradan qələm adamlarını bir araya cəm edib mənəvi məkan yarada bilməsindədir. Çünki çox isti münasibətlər çərçivəsində baş tutan bu görüşümüz də gələcəyə hədəflənmiş əməkdaşlıq və dostluqların bir halqasıdır”.
Türkiyəli qonaqlar – naşirlər Melike Günyüz, Tülin Kozıkoğlu da maraqlı təkliflər səsləndirdilər. Tülin Kozıkoğlu uşaq mətnlərində söz və rənglərin harmoniyası, illüstrasiya məsələlərinə toxundu, psixoloji nüansların diqqətə alınmasının vacibliyini vurğuladı. Melike Günyüz nəşriyyat sahəsinin inkişafına nail olmağın yollarından danışdı. O, hədəflərinin Avropa uşaq ədəbiyyatı nəşrlərində yer almaq olduğunu diqqətə çatdırdı.
“TEAS Press” nəşriyyat evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin meneceri Arzu Cəfərov isə Azərbaycan nəşriyyatlarındakı vəziyyətlə bağlı bilgi verdi.
Elnarə Akimova uşaq ədəbiyyatını elmi-nəzəri prinsiplər baxımından öyrənməyin vacibliyindən, bu istiqamətdə ortaya qoyulan işlərdən, uşaq yazarları ilə əlaqələrdən bəhs etdi.
Müzakirəyə qoşulan Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli isə türkiyəli yazarlarla daim əlaqədə olmaq, birgə layihələr hazırlamaq, iki qardaş ölkənin uşaq ədəbiyyatının bir-birinə yaxınlaşması ilə bağlı təkliflər səsləndirdi.
Həmidə NİZAMİQIZI