UNESCO-nun İcraiyyə Şurasında Azərbaycanın milli bəyanatı təqdim edilib
6-20 oktyabr tarixində Parisdə UNESCO-nun İcraiyyə Şurasının 212-ci sessiyası keçirilir. Sessiyada Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayevi ölkəmizin milli bəyanatını təqdim edib.
Bəyanatda diqqətə çatdılıb ki, 2020-ci ildə Azərbaycan otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərini azad etdi. Qeyd olunub ki, Ermənistan işğal etdiyi ərazilərdə, eləcə də öz ərazisində tarixən mövcud olmuş Azərbaycan xalqının mədəni irsini məhv və qarət etmək, mənimsəmək üçün sistemli siyasət yürüdüb. Ermənistan abidələri dağıtmaq, memarlıq xüsusiyyətlərini dəyişmək və “arxeoloji” qazıntılar aparmaqla Azərbaycan mənşəli olduğunu bildirən bütün əlamətləri ortadan qaldırmaq məqsədi güdüb.
Vurğulanıb ki, bu kimi fəaliyyəti ilə Ermənistan UNESCO-nun sənədləri də daxil olmaqla, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun, habelə “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri haqqında” Konvensiyanı, beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.
“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və firavanlıq üçün yeni perspektivlər açıb. İndi sülhün qorunması, reabilitasiya və yenidənqurma işləri, məcburi köçkünlərin geri qaytarılması mütləq prioritet olmalıdır. Azərbaycan hökuməti onilliklərdir davam etmiş işğalın nəticələrini aradan qaldırmaq, o cümlədən tarixi, mədəni və dini irs abidələrimizin bərpası məqsədilə praktiki addımlar atmağa başlayıb”, – deyə E.Abdullayev vurğulayıb.
Daimi nümayəndə əlavə edib ki, münaqişə bitdikdən sonra mədəni irsə çıxış bərpa olunub. Bu da Azərbaycanın mədəni irsinə vurulan ziyanı qiymətləndirməyə imkan yaradıb. Bu amil UNESCO-nun fəal rolunu tələb edir.
“Bununla əlaqədar olaraq, məlumat vermək istəyirəm ki, Azərbaycan Respublikasının münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar davam edir. Əslində, Azərbaycan Hökuməti belə bir missiyanın göndərilməsinin zəruriliyini 30 illik işğal dövründə çoxsaylı platformalarda UNESCO-nun diqqətinə çatdırdı. Lakin bu missiyaya hər dəfə Ermənistan tərəfindən maneə yaradılması və qarşısının alınması 2005-ci ilin hesabatında aydın göstərilib. Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir və konstruktiv dialoqa hər zaman açıqdır. İnanırıq ki, çoxdan gözlənilən bu missiyanın dərhal həyata keçirilməsi işğal zamanı zədələnmiş, talan edilmiş və ya dəyişdirilmiş mədəni irsin bərpasına və yenidənqurulmasına mühüm töhfə olacaq”, – deyə E.Abdullayev qeyd edib.
İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən canlandığını deyən daimi nümayəndə diqqətə çatdırıb ki, 30 ildən sonra ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada musiqi festivalı, o cümlədən “Azərbaycan musiqisində multikulturalizm” devizi altında ölkədə yaşayan etnik azlıqların musiqi yaradıcılığını əks etdirən tədbir keçirildi.
Vurğulanıb ki, 2021-ci ildə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilir. Prezidentin sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Azərbaycanın təşəbbüsü ilə sentyabrın 24-də UNESCO-nun görkəmli nümayəndələrinin fəal iştirak etdiyi “Nizami fəlsəfəsi prizmasından bərabər təhsil və gender bərabərliyi” adlı veb-seminar təşkil edilib. Oktyabrın 4-də UNESCO-nun mənzil-qərargahında Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirildiyini qeyd edən E.Abdullayev tədbirə dəstəyinə görə Baş direktora və üzv dövlətlərə təşəkkürünü bildirib.