Xəbər verildiyi kimi, VI Türk Dünyası Sənədli Film Festivalına yekun vurulub. Filmlərin qəbulu bu ilin aprelində elan olunan festivalın qala gecəsi və mükafatlandırma mərasimi oktyabrın 15-də İstanbulda keçirilib.
“Dünya dili türkcə” şüarı altında keçirilən festivala tələbə və peşəkar nominasiyası üzrə “Türk mədəniyyəti” və “Türkün dünyaya baxışı” mövzularında ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub. Tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə 16 film final mərhələsinə keçib. Ölkəmizdən festivalın final mərhələsində “Biz”, “Son sütun”, “Hədiyyə” və “Sonuncu” filmləri iştirak edib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal olunan “Biz” filmi mükafata layiq görülüb. “Münsiflər heyəti təşviq” mükafatı Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevə təqdim edilib.
“Biz” tarixi-sənədli filmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran əsərinin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri “Azərbaycanfilm”in direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev və Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı Əsgər Rəhimovdur.
Filmdə Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən Azərbaycan əsgərinin, eləcə də arxa cəbhədə sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasında rolu əks etdirilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar – əsgərlər, həkimlər, təqaüdçülər, bloger və jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Qeyd edək ki, festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
Mükafat qazanan filmlər “Dildə birlik – 9 ölkə – 9 şəhər – 1 festival” devizi ilə iştirakçı ölkələrdə nümayiş olunacaq.