Xəbər verildiyi kimi, Türkiyənin “Teatr” (“Tiyatro”) qəzetinin təsis etdiyi “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın İstanbulda 7-ci təqdimat mərasimi keçirilib. Oktyabrın 11-də gerçəkləşən mərasim çərçivəsində ilk dəfə türkdilli ölkələrin teatr sənətçilərinə “TÜRKSOY Beynəlxalq Teatr Mükafatı” təqdim edilib. Mükafata “Beynəlxalq Anadolu Teatr Mükafatları” Seçim komissiyasının 2019-2020-ci illər üzrə dəyərləndirilməsinə görə teatr sənətinə töhfələr vermiş sənət adamları layiq görülüb.

“Tiyatro” qəzetinin və TÜRKSOY-un birgə təşkil etdiyi mərasimdə Türk dünyasından beş sənət adamına mükafatlar verilib. Teatr tənqidçiliyi sahəsində xidmətlərinə görə Azərbaycandan tanınmış teatrşünas, sənətşünaslıq üzrə elmlər doktoru, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov təltif olunub.

Mükafatları “Tiyatro” qəzeti adından Nurhan Uslu və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi, TÜRKSOY-a Üzv Ölkələrinin Teatr Rəhbərləri Şurasının koordinatoru Elçin Qafarlı təqdim ediblər.

Eyni zamanda TÜRKSOY-a Üzv Ölkələrinin Teatr Rəhbərləri Şurasının başqanı olan İsrafil İsrafilov Türkiyəyə səfəri zamanı Ankarada TÜRKSOY-un qərargahını ziyarət edib. TÜRKSOY-dan verilən məlumata görə, baş katibinin müavini Bilal Çakıcı ilə görüşən İsrafil İsrafilov “TÜRKSOY Beynəlxalq Teatr Mükafatı”na layiq görüldüyü üçün təşkilatın rəhbəri Düsen Kaseinova təşəkkürünü bildirib. Alim bu mükafatın TÜRKSOY tərəfindən teatr sənətçilərinin əməyinə verilən böyük dəyərin təzahürü olduğunu vurğulayıb.

Türk dünyası teatrı sahəsində TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirən İ.İsrafilov TÜRKSOY-a Üzv Ölkələrinin Teatr Rəhbərləri Şurasının layihələrinə də toxunub. Görüş zamanı 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada keçirilməsi gözlənilən və Türk dünyası teatr sənətinin nümayəndələrini bir araya gətirəcək şura toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.

Professor İ.İsrafilov yeni çapdan çıxan “Stanislavski ve aktyor sənətinin qrammatikası” kitabı barədə məlumat verib və müəllifi olduğu digər kitablarla bərabər onu da TÜRKSOY-un kitabxanasına hədiyyə edib. Baş katibinin müavini Bilal Çakıcı azərbaycanlı alimə təşəkkür edərək gələcəkdə Türkiyə türkçəsinə də çevriləcək bu kitabın universitetlərdə teatr sənətinin tədrisinə mühüm töhfə olacağını bildirib.

Mehparə SULTANOVA
Ankara