Orkestrin ötən il təxirə salınan Bakı konserti gerçəkləşəcək
Noyabrın 30-da Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olacaq.
“Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə F.Şopen, F.Mendelson, F.Əmirov və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək.
Konsertin solistləri beynəlxalq müsabiqələr laureatları – Azərbaycanın Əməkdar artisti Elvin Xoca Qəniyev (skripka) və latviyalı musiqiçi, 17-ci Beynəlxalq Frederik Şopen Musiqi Müsabiqəsinin diplomantı Georgi Osokin (fortepiano) olacaqlar.
Xatırladaq ki, orkestrin Heydər Əliyev Mərkəzində konserti 2020-ci ilin mart ayına nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınmışdı.
Məşhur skripka ifaçısı Gidon Kremer 1997-ci ildə yaratdığı “Kremerata Baltika” kamera orkestrinə Latviya, Litva və Estoniyadan 23 istedadlı gənc musiqiçini cəlb edib. Bu gün Avropanın tanınmış orkestrlərindən olan “Kremerata Baltika” 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib.
“Kremerata Baltika”nın Bakı konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür. Onu da qeyd edək ki, konserti izləməyə gələnlərdən COVİD-19 pasportu və ya immunitet sertifikatı tələb olunacaq.