Oktyabrın 20-də Lənkəran Dövlət Dram Teatrı 131-ci mövsümünə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək yeni mövsümdə yaradıcı kollektivin qarşısında duran vəzifələrdən və planlardan danışıb. Bildirib ki, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Qurbanovun rəhbərliyi ilə yaxın vaxtlarda teatrda osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” tamaşasının məşqlərinə başlanılacaq. Gənc rejissor Tərlan Abdullayev isə Xanımana Əlibəylinin şeirləri əsasında səhnələşdirdiyi “Ləpələrin nağılı” tamaşasının son məşqlərini aparır. Bu səhnə əsəri noyabrın əvvəllərində azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd olunub ki, yeni mövsümdə sənətsevərlərə digər yeni səhnə əsərləri də təqdim ediləcək.
Açılış mərasimindən sonra Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” tamaşası nümayiş etdirilib. Ailə-məişət mövzusundan bəhs edən səhnə əsərində cəmiyyətin əsas problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsiri tənqid olunur.
Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir. Rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.