«Turizmdə geoinformasiya sistemlərinin tətbiqi» layihəsi müzakirə olunur
   
   Martın 6-da Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun rəhbərliyi ilə institutun ekspert qrupu Almaniyaya səfərə gedib. ATİ-nin prorektoru Eldar Aslanovun sözlərinə görə, səfər martın 13-dək davam edəcək. Prorektor bildirdi ki, Azərbaycan Turizm İnstitutu Almaniyanın Yade Universiteti ilə birlikdə Azərbaycanın qərb bölgəsində «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi» layihəsini hazırlayır. Layihə Gədəbəy rayonunda Simenslərə aid olan irsi əhatə edir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova da layihə hazırlığı çərçivəsində Almaniyaya səfər edən nümayəndə heyətində təmsil olunur. Səfər çərçivəsində Almaniyanın Yade Universiteti, Almaniyanın Elm Fondu və bu ölkədə yerləşən «Siemens» təşkilatının nümayəndələri ilə müxtəlif görüşlər keçiriləcək. Görüşlərdə məqsəd «Turizmdə geoinformasiya sistemlərinin tətbiqi» layihəsinin son mərhələsini müzakirə etmək və aprel-may aylarında layihənin yekun variantını hazırlayıb müvafiq tərəf-müqabilləri ilə tətbiq etməkdir.
   E.Aslanov onu da bildirdi ki, layihə uğur qazansa, ATİ-nin təşkilatçılığı ilə yaxın bir neçə il ərzində Gədəbəy rayonunda “Siemens” irsi əsasında geoinformasiya sistemlərini tətbiq etməklə, böyük bir turizm kompleksi, turizm marşrutları və “Siemens” muzeyi yaranacaq.
   
   Fəxriyyə