Oktyabrın 20-də Şabran rayon Xalq teatrı “Xarıbülbül” tamaşasını təqdim edib. Tamaşa Vətən müharibəsində Zəfərimizin ildönümü münasibətilə hazırlanıb. Tamaşanı izləyənlər arasında Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri və qazilər də olub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Aybəniz Əliyarın eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın rejissoru Cabir Əmrahovdur. Səhnə əsərində müharibə vaxtı ön və arxa cəbhədə baş verənlər, Azərbaycan xalqının eyni amal uğrunda birləşməsi öz ifadəsini tapıb.
Səhnə əsəri 8 Noyabr - Zəfər Günü ərəfəsində şimal bölgəsinin müxtəlif mədəniyyət ocaqlarında tamaşaçılara təqdim olunacaq.