Azərbaycan İstiqlal Muzeyi 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə üzrə silsilə tədbirlərə başlayıb.
Oktyabrın 19-da layihənin ilk sərgisində Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərov, Vətən müharibəsi şəhidləri – kapitanlar Arzu İsgəndərov və Samid Əsgərovun şəxsi əşyaları nümayiş etdirilib.
Tədbirdə İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, ehtiyatda olan polkovnik Şair Ramaldanov, şəhid kapitan Arzu İsgəndərovun qardaşı – Vətən müharibəsi iştirakçısı Amil İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun əmisi Yusif Əkbərov, şəhid kapitan Samid Əsgərovun anası Sevinc Əsgərova və şəhidin döyüş yoldaşı, gizir Amil Əbilov çıxış ediblər. Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qızı atası ilə bağlı xatirələrini bölüşüb.
Sərgidə şəhidlərə məxsus hərbi geyimlər, onların döyüş yolunu əks etdirən fotolar və digər şəxsi əşyalar sərgilənir. Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları, Nizami rayonu 10 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Layihənin ilk sərgisi 23 oktyabr tarixinədək açıq olacaq.