Ankarada 18 Oktyabr – Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, o cümlədən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.
Rəsmi hissədə Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Can, ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakar çıxış ediblər.
Sonra musiqi proqramı təqdim olunub. Konsertdə əvvəlcə Xalq artisti Mənsum İbrahimov Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara) və Pərviz Fərhadovun (kamança) müşayiəti ilə muğam və xalq mahnılarını ifa edib. Konsertin ikinci bölümündə pianoda Gülər Dəmirovanın müşayiətində Demet Gürhan və təbrizli Xosrov Hakan Amirinin vokal ifaları dinlənilib.