Alman şirkətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər
Xəbər verdiyimiz kimi, martın 9-dan 13-dək Almaniyada «İTB Berlin-2011» turizm sərgisi keçirilib. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Heyətə nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Cəmil Kəlbəliyev, Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Cəlil Məlikov, BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov, Dövlət Mahnı və Rəqs ansamblının 6 nəfər üzvü, ölkəmizdə fəaliyyət göstərən 12 hotel və turizm şirkətinin əməkdaşları, KİV nümayəndələri daxil idi.
Sərgi iştirakçılarından olan «Skal Bakı» klubunun prezidenti Ruslan Quliyevin verdiyi məlumata görə, martın 9-da Azərbaycanın Almaniyadakı səfirliyində Mərkəzi və Şərqi Avropa Cəmiyyətinin və Şərqi Avropada Turizmin İnkişafı Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanın turizm sektorunun hazırkı vəziyyəti və inkişaf perspektivləri” mövzusunda forum təşkil olunub. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda turizm sektorunun vəziyyəti, bu sahənin inkişaf etdirilməsi üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər, turizmin inkişaf perspektivləri və sahə üzrə əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Forumda Almaniya Bundestaqının üzvləri, Almaniyanın bir sıra nazirliklərinin əməkdaşları, Berlində akkreditə olunmuş səfirliklərin nümayəndələri, turizmdən yazan jurnalistlər və şirkətləri təmsil edən 100-dək qonaq iştirak edib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkəmizin son illər əldə etdiyi iqtisadi nailiyyətlərdən, Azərbaycan-Almaniya münasibətlərinin inkişaf dinamikasından danışaraq, iki ölkə arasında turizm sahəsində münasibətlərin inkişafında sərgilərin mühüm rolunu diqqətə çatdırıb.
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov turizmin dünya iqtisadiyyatında oynadığı roldan söz açaraq ölkəmizin malik olduğu zəngin mədəni irs və təbiət gözəlliklərinin turizmin inkişafına mühüm zəmin yaratdığını vurğulayıb. Turizmin inkişaf etdirilməsi üçün görülən işlərdən danışıb. Qeyd edib ki, turizm sahəsində mütəxəssislərin hazırlanması üçün Azərbaycanda 2006-cı ildən bəri Turizm İnstitutu fəaliyyət göstərir və həmin institut Avropanın bir sıra təhsil qurumları ilə sıx əməkdaşlıq edir. Aparat rəhbəri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan mədəniyyət nümunələri barədə də tədbir iştirakçılarına geniş məlumat verib.
Mərkəzi və Şərqi Avropa Cəmiyyətinin icraçı direktoru H.Ştöker çıxışında qeyd edib ki, son illərdə alman şirkətləri arasında Azərbaycanla əməkdaşlığa maraq getdikcə artır. O, gələcəkdə bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu ifadə edib.
Şərqi Avropada Turizmin İnkişafı Cəmiyyəti sədrinin müavini F.Tetzel 2011-ci ildə yalnız Bakıda 5 beşulduzlu mehmanxananın tikilib istifadəyə veriləcəyinə diqqət çəkərək, turizm sahəsində Azərbaycanla əməkdaşlıqda alman şirkətləri üçün də böyük potensial olduğunu vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Cəlil Məlikov ölkəmizin turizm potensialı barədə təqdimatla çıxış edib.
Sonra hər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, «İTB Berlin-2011» sərgisində ölkəmizin turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 104 kvadrat metr lövhədə alman və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları vasitəsilə nümayiş etdirilib. Azərbaycanın hər il mütəmadi olaraq iştirak etdiyi sərgidə bu dəfə də ölkəmizin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərginin davam etdiyi günlərdə Almaniyanın aparıcı KİV-ləri də Azərbaycanın turizm potensialı ilə bağlı məlumatlar veriblər.
Fəxriyyə Abdullayeva