Belə tədbirlər klassik musiqiyə marağı artırır, gənc, istedadlı ifaçılara sənət meydanı açır
Klassik musiqini sevənlər, zövqünü opera, vokal sənəti ilə cilalayanlar üçün sənət bayramına çevrilən daha bir layihə uğurla yekunlaşdı. Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 15-20 oktyabr tarixində keçirilən II Beynəlxalq Vokalçılar Festivalı başa çatdı.
Oktyabrın 20-də Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov musiqisevərləri təbrik edərək beynəlxalq miqyasda musiqi əlaqələrinin genişləndirilməsi üçün belə tədbirlərin önəmini vurğuladı. Festivalın Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması, yeni istedadların üzə çıxarılması məqsədilə keçirildiyini diqqətə çatdıran nazir bildirdi ki, opera sənəti ümumbəşəri dəyərdir və onun ölkəmizdə də çox zəngin ənənələri var.
Qeyd olundu ki, müsəlman Şərqində ilk opera nümunəsi – “Leyli və Məcnun” operası ötən əsrin əvvəllərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılıb, ondan sonra milli opera sənətimizin bir çox dəyərli nümunələri ərsəyə gəlib. Beləcə, Azərbaycan opera sənətinin fərqli və peşəkar nümunələri ilə dünya opera xəritəsində özünə yer tuta bilib.
Ölkəmizdə opera sənəti ilə bərabər vokal ifaçılığının da böyük inkişaf yolu keçdiyini bildirən Anar Kərimov bu sənətin görkəmli nümayəndəsi Bülbülün davamçılarının Azərbaycanı beynəlxalq səviyyədə tanıtdıqlarını, vokal nümunələrimizin istedadlı musiqiçilər tərəfindən dünyanın məşhur musiqi, sənət meydanlarında səsləndirildiyini və böyük tamaşaçı rəğbəti qazandıqlarını dedi.
Nazirliyin opera sənətinin ölkəmizdə daha da inkişaf etməsi və kütləviləşməsində maraqlı olduğunu vurğulayan Anar Kərimov bu istiqamətdə əhəmiyyətli layihələrə bundan sonra da dəstək veriləcəyini bildirdi. Azərbaycanın artıq 5 ildir ki, “Avropa Opera” (Opera Europa) təşkilatına üzv olduğu və təşkilat vasitəsilə opera sənəti və bu sahədə istedadlı gənclərin aşkarlanması və tanıdılması istiqamətində addımlar atıldığını diqqətə çatdırdı.
Bakıda 2019-cu ildə keçirilən ilk vokalçılar festivalının tədbirlər coğrafiyasının bu dəfə genişləndiyini və paytaxtdan kənarda da vokal musiqisi konsertləri keçirildiyini deyən nazir festivalın bundan sonra da uğurla gerçəkləşəcəyini, yeni ifaların musiqi zövqümüzü daha da zənginləşdirəcəyini söylədi.
Sonra layihəyə təşkilati dəstək verən “OperaVision TV”nin rəhbəri Luke O Shaugness çıxış etdi. O, festival konsertlərini həm canlı, həm də opera televiziyası vasitəsilə izləyən sənətsevərləri təbrik edərək belə tədbirlərin klassik musiqiyə marağı artırdığını və sənətsevərlərə yeni gənc, istedadlı səsləri dinləyib seçmək imkanı verdiyini dedi. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsini gözəl hal kimi dəyərləndirən qonaq beynəlxalq musiqi əlaqələrinin inkişafı və vokalçılar üçün yeni-yeni səhnələrin yaranmasını alqışladı.
Tədbirdə Azərbaycan klassik vokal məktəbi ənənələri barədə də ətraflı məlumat verildi, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yaradıcı qurumlar tərəfindən dəstəklənən musiqi layihələrinin bu sənətin inkişafına vəsilə olduğu vurğulandı.
Bildirildi ki, II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində konsert proqramları ilə yanaşı, konfrans və təqdimatlar keçirilib, həmçinin gənc ifaçılara sənət meydanı açılıb. O da diqqətə çatdırıldı ki, oktyabr ayında (25 oktyabr – red.) dünyada Opera günü qeyd olunur və vokalçılar festivalının da bu ayda gerçəkləşməsi əlamətdar hadisədir.
Qeyd olundu ki, festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər təqdim olunub.
Festivalın yekun konserti də sənətsevərlərə klassik musiqi zövqü yaşatdı. Bağlanış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun (dirijor – Əməkdar artist Əyyub Quliyev) müşayiəti ilə yerli və qonaq solistlər “Koroğlu”, “Don Juan”, “Aida”, “Sevil”, “Don Karlos”, “Trubadur”, “Payatsı”, “Toska”, “Bohema”, “Karmen”, “Turandot”, “Traviata” kimi məşhur operalardan əsas partiyaları ifa etdilər. Xalq artistləri Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artist Ramil Qasımov, eləcə də türkiyəli vokalçılar Feryal Türkoğlu, Umut Kosman, serbiyalı Mariya Yeliçin ifaları alqışlarla qarşılandı.
H.NİZAMİQIZI