Unudulmaz musiqişünas Səadət Abdullayevanın monoqrafiyası haqqında qeydlər
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaratdığı irsin bu günə kimi öyrənilməsi və tədqiqi sahəsində xeyli işlər görülsə də, onun dühası, qüdrətli söz-fikir aləmi hələ bir çox tədqiqatlara mövzu olacaq. Böyük şairin anadan olmasının 880 illiyi münasibətilə ölkəmizdə elan edilən “Nizami Gəncəvi İli” də bu istiqamətdə yeni araşdırmalara zəmin yaradacaq. Çünki Nizami yaradıcılığı ictimai, təbiət və ümumilikdə humanitar elm sahələrində çalışanlar üçün çox qiymətli mənbədir. Təkcə ədəbiyyatşünaslığa nəzər salsaq, onun yaradıcılıq irsinin Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərməsini görərik. Nizamidən sonra Əmir Xosrov Dəhləvi, Əşrəf Marağayi, Əbdülrəhman Cami, Məhəmməd Füzuli, Əlişir Nəvai və başqa görkəmli şairlər onun bir və ya bir neçə poemasına poetik bənzətmə, nəzirə yazmışlar. Təkcə “Leyli və Məcnun” əsasında 100-dən çox bənzətmə vardır.
Əlbəttə, bütün deyilənlər Nizaminin musiqidə də təcəssümünə təsir göstərmişdir. Son 70 ilə yaxın bir müddətdə Nizami Gəncəvinin poeziyasında musiqiyə, muğamlara, çalğı alətlərinə aid fikirlər məqalələrdə, kitablarda, monoqrafiyalarda əksini tapmışdır. Bu işə ilk dəfə Əfrasiyab Bədəlbəylinin rus dilində yazdığı “Nizami musiqi haqqında və musiqidə” adlı məqaləsi ilə başlanılmış, Qubad Qasımov, Sevda Qurbanəliyeva, Əhməd İsazadə, Babək Qurbanov, Rauf İsmayılzadə, Alla Bayramovanın və digərlərin əsərlərində daim əsas mövzulardan biri kimi səciyyələnmişdir. Lakin bütün bunlara baxmayaraq, tədqiqatlarda bir-birini tamamlayan “Nizami yaradıcılığında musiqi” və “Nizaminin əsərləri musiqidə” mövzularının birgə araşdırılmasını və professional musiqinin inkişafında Nizaminin tam təsəvvür əldə olunması gərək idi. Bunu duyan görkəmli musiqişünas, ilk orqanoloq alimimiz Səadət xanım Abdullayeva (1940–2017) “Nizamidə musiqi, musiqidə Nizami” adlı yeni kitab yazır. Təəssüf ki, zəngin yaradıcılığa malik musiqişünasın bu fundamental monoqrafiyası onun vəfatından sonra (2018) işıq üzü görüb.
Onun haqqında təkcə alim kimi deyil, bir sıra gənclər yetişdirən mükəmməl pedaqoq kimi də çoxlu gözəl sözlər söyləmək olar. Böyük xoşbəxtlikdir ki, müəllim-tələbə münasibətindən savayı, mənə onunla birlikdə Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında bir neçə il müddətində çalışmaq nəsib olub. Onun verdiyi tövsiyələr, düzgün yaradıcılıq istiqaməti həmişə gənclərə böyük kömək və örnək idi.
Monoqrafiya oxucu qarşısında tarixi cəhətdən geniş arxiv materiallarını cəmləşdirərək, bir sıra yeni səhifələrin açılması ilə diqqəti cəlb edir. Bir maraqlı xüsusiyyət də odur ki, kitabda çox geniş mövzu əhatə edilmişdir. Adından da bəlli olduğu kimi, şərti olaraq ikihissəlilik burada əsas prinsip kimi götürülmüşdür. Əvvəlcə Nizami yaradıcılığında musiqi araşdırılmış, ikinci hissədə isə Nizaminin musiqidə təcəssümü izlənilmişdir.
Kitab təkcə musiqiçilər üçün deyil, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Nizaminin həyatı, yaşadığı mühiti, yazdığı əsərlər, onlar haqqında qısa məlumatın verilməsi və yazılan tədqiqat əsərlərinin araşdırılması buna bariz nümunədir. Maraqlı xüsusiyyətlərdən biri də kitabda çoxlu sayda illüstrasiyaların, Nizami və onun əsərləri ilə bağlı rəsmlər, heykəllər, xalçalar, hətta onun adı ilə bağlı qızıl medal, qızıl sikkə və 870 illiyinə kəsilmiş poçt markası haqqında məlumatların verilməsidir.
Diqqət yetirdiyimiz digər məsələ Nizaminin poetik irsinin dərindən araşdırması ilə bağlıdır. Səadət xanım bu işdə əsl filoloq alim kimi çıxış edir. Nizaminin bir çox lirik şeirlərinə, etik-estetik görüşlərinə, eləcə də “Xəmsə”sinə daxil olan hər bir poemanın ayrı-ayrılıqda poetik mətn baxımından təhlil olunması maraqlı müddəaların irəli sürülməsinə imkan yaradır.
Digər aspekt Nizami əsərlərində musiqinin təcəssümü və onun araşdırılması ilə əlaqəlidir. Nizaminin hər bir poemasında cərəyan edən hadisələrin yerini orada istifadə olunan ölkə, şəhər, dağ, çay və digər adların istifadəsi ilə tapmaq mümkündür. Müəllif coğrafi mövqe baxımından musiqi məkanlarını qruplaşdıraraq 8 müxtəlif ərazi qrupunu göstərir. Lakin poemalarda böyük zaman fərqi (b.e. əvvəl IV əsr – yeni eranın VII əsri) əks olunsa da, əsas qəhrəmanlar sanki şairin müasirləri kimi çıxış edirlər. Yəni, təsvir edilən hadisələr elə bil ki, şairin dövründə cərəyan edir, şəxslər isə real həyatda iştirak edirlər. Məhz bu xüsusiyyət Səadət Abdullayevanın gəldiyi əsas nəticələrdən biri sayıla bilər. Yəni, şair doğma elində çalğı alətlərini, onlarda çalınan musiqini, muğamları, mahnıları, rəqsləri və s. eşitmişdir. Bu isə Nizami poeziyasında musiqi ilə bağlı olan bütün səhnələri Azərbaycanla, onun dövrü və burada yaşayan insanların gündəlik həyatı ilə əlaqələndirməyə imkan verir.
Səadət Abdullayevanın irəli sürdüyü digər məsələ şairin poeziyasında çalğı alətlərinin, rəqs ifaçılarının, musiqili səhnələrin, mahnıların, muğamların ayrı-ayrılıqda tədqiqi ilə bağlıdır. Məlumdur ki, Nizaminin bir çox əsərləri bu kimi təhlillərin aparılmasında, o dövrün musiqi mədəniyyəti haqqında əlaqəliliyin qurulmasında başlıca mənbədir. Bu baxımdan da hər bir xırda detala, istifadə olunan arxaik sözə xüsusi diqqət yetirən Səadət xanım maraqlı dəlillər irəli sürür. Nəticədə birinci hissənin sonunda Nizamidə istifadə olunan musiqi ilə bağlı 144 sözdən ibarət lüğət təqdim edilir. Bu lüğət sanki nəticənin ümumiləşmiş təcəssümüdür.
“Musiqidə Nizami” bölümü də öz daxilində maraqlı quruluşu ilə seçilir. Bunu da şərti olaraq üç hissəyə ayırmaq olar. Birinci hissə müxtəlif janrlı musiqi əsərlərində Nizami obrazı və onun əsərlərinin təcəssümü ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında həm şairin əsərlərinə müraciət olunub, həm də onun özünün obrazı bir çox əsərlərin əsas qəhrəmanına çevrilmişdir. Bu baxımdan irihəcmli janr olan operadan başlayaraq, kiçik həcmli musiqi janrlarına qədər əsərlər öz təhlilini tapır. Bunlar içərisində Mirzə Cəlal Yusifzadənin “Fərhad və Şirin”, Zülfüqar Hacıbəyovun “Nüşabə”, Niyazinin “Xosrov və Şirin”, Soltan Hacıbəyovun “İsgəndər və Çoban” operaları, Qara Qarayevin “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” simfonik süitası və başqa nümunələrdə Nizaminin əsərləri öz əksini tapırsa, Üzeyir Hacıbəylinin “Nizami” kantatasında, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında, Fikrət Əmirovun “Nizami” baletində, “Nizami” simli orkestr üçün əsərində, Ramiz Mustafayevin “Nizami” oratoriyasında və s. əsərlərində isə Nizami obrazı təcəssüm olunmuşdur. Gördüyümüz kimi, şairin obrazı ilə bağlı olan bir çox əsərlər elə onun adı ilə adlandırılmışdır. Bu səpkidə əsərlərin siyahısı kifayət qədər çoxdur, onların məzmunu, quruluşu, musiqi təcəssümü və ilk premyerası haqqında maraqlı yazılar var.
Məlumdur ki, Nizami lirikası təkcə Azərbaycan bəstəkarlarının yaradıcılığında deyil, əcnəbi müəlliflərin əsərlərində də diqqəti cəlb etmişdir. Rus bəstəkarı Boris Asafyevin “Slavyan gözəli” operası, dağıstanlı bəstəkar Murad Kajlayevin “Fərhad və Şirin” simfonik freskaları bu qəbildəndir.
Şifahi ənənəli professional musiqinin əsasını təşkil edən muğamlarda Nizami qəzəllərinin istifadəsi də musiqişünasın diqqətindən yayınmır. Bu məsələ də ayrıca olaraq monoqrafiyada tədqiq olunmuş, hər bir muğamda səslənən qəzəllər haqqında ətraflı məlumat verilmişdir.
Nizami poeziyası elə çeşmədir ki, neçə illər keçsə də, tədqiqatçılar onun irsində indiyə qədər deyilməmiş fikirləri aşkar edəcəklər.
Sonda müəllifin bir fikri ilə yazımı tamamlamaq istərdim. Dahi şairimiz son əsəri olan “İsgəndərnamə”də
Nizami aləmə bir də səs salsın,
Adı bu əsərlə əbədi qalsın!
Bunun adı kimi olsun bəxtəvər,
Dolandıqca dövran, keçdikcə illər!
– arzuladığı kimi, yaşadığı dövrdən artıq doqquz əsrə yaxın zaman ötsə də, o, yenə də yaşayır, onun adı daima çəkilir, hər bir oxucusuna böyük mənəvi zövq verir.
Leyla ZÖHRABOVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru