Mədəniyyət Nazirliyi YARAT Müasir İncəsənət Məkanı ilə birgə “Mədəni yenilənmə” adlı yeni multidissiplinar layihənin icrasına başlayır. Layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

Maarifləndirici xarakter daşıyan bu təşəbbüs ölkəmizdən kənarda tanınan soydaşlarımızın yaradıcılığını gənclərimizə daha yaxın edəcək.

“Mədəni yenilənmə” layihəsi həm də çətin pandemiya dövründə incəsənət və elm xadimlərinin rolunu və əhəmiyyətini cəmiyyətə xatırlatmaq cəhdidir. Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təmin olunacaq.

Layihə çərçivəsində ilk qonaq teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) İfaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elşən Məmmədov olacaq. Yaradıcı görüş oktyabrın 28-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil olunacaq.