“Teatr səhnəsindəki həyəcan və sevinci heç nə əvəz edə bilməz”
Sənət, teatr adamları obrazdan-obraza, xarakterdən-xarakterə kökləndikcə biz tamaşaçı olaraq onların şəxsiyyətini, hiss və həyəcanlarını, həyat və sənət anlayışları barədə düşüncələrini arxa plana keçiririk. Gözlərimiz alışdığı mənzərəni, pafoslu səslənsə də, ideal təsviri möhkəmləndirmək istəyirik. Belə olduqda özümüzü də, onları da yalnız səhnədə, prosesdə təsəvvür edib, görmək istəyirik.
Amma bu sırada səhnə ömürlüyü qara niqab, tül pərdə arxasında keçənlər, işıqlı səhnənin cazibəsindən “qorxa-qorxa” bəhrələnən, bəzən əl-qolu, bəzən də səs-sədası yaratdığı obrazdan – kuklasından arxada qalmağa məcbur olan kukla aktyoru da var. Məhz onlar səhnə, fədakarlıq, “sənət qurbanı” tələbində bir addım öndə olurlar. Özləri çox zaman səhnənin arxasında qalsalar da...
Bugünkü qəhrəmanımız da onlardan biridir. 65 illik yubiley tamaşasında yenə səhnədə idi. Bu dəfə İfrit – şər qüvvənin köməkçisi qiyafəsində. Amma özü də, tamaşaçısı da bu rəngarəng İfritin zalım divin əlaltısı olmağını unutmuş və onun nağıllardan qopub 65-ci ömür tamaşasının iştirakçısına çevrilmişdi. Kukla tamaşasında həyat oyunu kimi.
Söhbət usta kuklaçı, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevdən gedir.
Çalışdığı kollektiv də, sənət dostları, tərəf-müqabilləri də günün yaddaqalan olması üçün əllərindən gələni etdilər. Yaradıcı heyət aktyorun bayram ovqatına rəng qatmağa çalışdı. Yubiley günü teatrın ən uzunömürlü və yaddaqalan səhnə işlərindən olan “Cırtdan”ın yeganə canlı plan oyunçusunu tamaşaçıları ilə yenidən görüşdürdülər.
Balacalarla yanaşı böyüklərin də maraqla izlədikləri tamaşadan sonra yubilyara təbriklər başladı. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə aktyor haqqında xoş sözlər söylədi, onun kuklaçı kimi teatrın səhnəsində canlandırdığı fərqli rollarından danışdı, səhnəyə, kukla sənətinə ürəkdən bağlı olduğunu dedi. Sonra yubilyara teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə fəxri fərman və hədiyyələr təqdim edildi.
Sənət dostlarının və sadiq tamaşaçılarının xoş sözlərindən, sürəkli alqışlarından xoşbəxt görünən aktyor hər kəsə təşəkkürünü bildirdi.
Aslan Miri oğlu Fətullayev 1956-cı il oktyabrın 20-də Lerik rayonunun Çayrud kəndində anadan olub. 1974-cü ildə indiki Bakı Humanitar Kollecinin Mədəni-maarif fakültəsinə daxil olub. Tədris ocağını özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1977-1982-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Mədəni-maarif işi fakültəsində təhsil alıb.
Teatrla yanaşı televiziyanın “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” kimi populyar verilişlərinin daim iştirakçısı olub və yaddaqalan obrazlar yaradıb. Kino sahəsində də öz istedad və bacarığını nümayiş etdirən Aslan Fətullayev “Mosfilm”in çəkdiyi “Oğlan və Maral”da fotoreportyor, “Azərbaycanfilm”in istehsal etdiyi “Cin mikrorayonda” filmində kiçik cin, “Papaq”da papaqçının dostu, “Qorxma, mən səninləyəm!”də İvan Spirodonoviç, “Qətl günü”ndə zindanbanı kimi maraqlı rollar oynayıb.
90-cı illərdə Akademik Milli Dram Teatrında çalışan aktyor 2007-ci ildən taleyini Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb, bir-birindən maraqlı və yaddaqalan obraz və kukla personajlarına (kukla və canlı plan) özünəməxsus ifası ilə rəng qatıb. Teatrın cari repertuarındakı “Ələddin”, “O olmasın, bu olsun”, “Zınqırovlu pişik”, “Cırtdan” kimi tamaşalarda rol alır. Mədəniyyət, teatr sahəsində uzunmüddətli fəaliyyətinə görə 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Bizimlə söhbətində də tamaşaçılarına sevgi izharı əsas mövzumuz oldu. Deyir tamaşaçı məni ilk gündən qəbul edib sevdi və məhz o sevgi ilə 65-ə necə çatdığımı bilmədim.
Ötən illəri yada salır: “Kəndimizin klubunda qaynar həyat var idi və biz də tez-tez ora gedirdik. İlk səhnəm kəndimizdə el şənlikləri idi. Gah oxuyub-oynayır, gah da təqlidlər, yumoristik səhnəciklər göstərirdim. Kəndimizdə toy olanda mənim çıxışımı maraqla gözləyirdilər. Heç bir komplekssiz, indiki dillə desək, performanslar göstərirdim, ən çox da özüm zövq alırdım. Sonralar kəndimizdə meydan tamaşaları qurdum, camaatı yığıb əyləndirdim. Elə bil kəndimiz də teatral, sənətə maraqlı idi. Beləcə, başqalarının adi marağı məni sənətə bağladı və bu sənəti davam etdirmək üçün həm texnikum, həm də institutda təhsil aldım. Bilirsiz, gərək adamın məqsədi olsun və nə istədiyini yaxşı müəyyən etsin. Uşaqlıqdan hamımızın fərqli peşə sahələrinə marağı olur və bu, tez-tez dəyişir. Amma mən əvvəldən teatr, sənət sahəsində qalmağı qətiləşdirmişdim”.
Söhbət əsnasında uzun müddət çalışdığı Akademik Milli Dram Teatrından çıxmağını da yada salır: “O teatrda bir neçə tamaşada maraqlı, yaddaqalan rollarım olub. “Varlı qadın” və “Mesenat” tamaşaları son işlərim oldu. Həm orada, həm də burada çalışırdım. Əlavə işlərim də var idi. Gördüm yox e, çatdıra bilmirəm. Seçim etmək məqamı gələndə də Kukla Teatrını seçdim. Çünki özümü burada daha azad və xoşbəxt hiss edirdim”.
Aktyorların rol arzuları və səhnə, sənət xülyaları barədə də onun özünəməxsus düşüncələri var. Onun fikrincə, hər aktyorun rol arzuları olur: “Demirəm ki, Otello oynamaq iddiam olub. Amma ümumən istər sənətdə, istərsə də həyatda arzularımı həyata keçirmişəm və heç vaxt xəyalpərəst olmamışam. Gücüm çatan işdən yapışıb, potensialıma uyğun işlərə əl atmışam, hamısını da yarıtmışam. Əsas odur ki, mən səhnəni, teatrı sevdiyim kimi, o da məni sevib, qəbul edib. Elə aktyor var ki, səhnəyə çıxır, az qala tamaşaçının gözünə girir, amma görünmür. Əsas tamaşaçı ilə ünsiyyət, ona təsir bacarığıdır”.
Daha sonra kinoda, televiziyada tanındığı halda yenə teatrda qalmasına da özünəməxsus izah verdi: “O vaxtlar kinoya tez-tez dəvət olunurdum, televiziya proqramlarında çıxışlar edirdim. Amma onların heç biri teatr qədər yaxın və təbiilik hissi yaratmır. Elə götürək kukla tamaşalarını. Baxın, 45-50 dəqiqə aktyor səhnədə olur, müxtəlif personajlara həyat verir, gah canlı planda, gah da kukla oyununda tamaşaçı ilə birbaşa ünsiyyətə girir. Bu, çox təbii və daha maraqlı, təsirli prosesdir. Onun həyəcan və sevincini heç nə əvəz edə bilməz...”.
HƏMİDƏ