Xəbər verdiyimiz kimi, 20–24 oktyabr tarixində keçirilən 73-cü Frankfurt Beynəlxalq Kitab Yarmarkasında ölkəmiz də təmsil olunub. 80 ölkənin qatıldığı yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qurulan stendimizdə geniş çeşiddə nəşrlər yer alıb.

Sərginin ikinci günündə stendimizdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli çıxış ediblər. Almaniyada yaşayan soydaşımız, yazıçı-publisist Orhan Aras müəllifi olduğu “Nizami Gəncəvinin aforizmləri alman dilində” kitabını və Nizami irsinin tədqiqatçısı Sevil Fuks alman dilində hazırladığı “Nizami nəsrdə və poeziyada. 1798-2021” kitabını təqdim ediblər.

Almaniyadakı səfirliyimizin birinci katibi Elman Muradov, Mədəniyyət Nazirliyinin əməkdaşları İslam Hüseynov və Lalə Məmmədova milli stenddə Nizami Gəncəviyə və 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə həsr olunan guşələr haqqında qonaqlara məlumat veriblər.

Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Tural və tədbirin aparıcısı İrem Karaboğa Nizaminin şeirlərini Azərbaycan və alman dillərində oxuyublar.

Oktyabrın 23-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə stenddə ölkəmizə dair yeni nəşrlərin təqdimatı olub.

Almaniyada çalışan azərbaycanlı jurnalist, yazıçı Vüqar Aslanov “İRS” jurnalının 2020-2021-ci illərdə Azərbaycan, ingilis və rus dillərində hazırladığı “Salam, Azərbaycan”, “Gəncə. Nizami yurdu”, Vətən müharibəsindən bəhs edən “Zəfər salnaməsi”, Qarabağın dünənini və bu gününü əks etdirən “Qarabağın qara kitabı”, “Ağac” nəşr evinin Azərbaycan və alman dillərində çap etdirdiyi “Cəlil Məmmədquluzadə. Hekayələr” kitabları haqqında qonaqlara məlumat verib.

Nümayiş olunan kitablar arasında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə yeni nəşr olunmuş Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması da yer alıb. Frankfurtdakı “Hans-Jürgen Maurer” nəşriyyatında çapdan çıxan kitabı alman dilinə tanınmış mütərcim Rudolf Qelpke tərcümə edib.

Qeyd edək ki, ilk dəfə 1963-cü ildə İsveçrədə “Manesse” nəşriyyatında çap olunan kitabın ön sözündə Nizami Gəncəvi almandilli oxuculara “fars şairi” kimi təqdim edilmişdi. Yeni nəşr Nizamini “dahi Azərbaycan şairi” olaraq təqdim edən ön sözlə işıq üzü görüb. Rəngli illüstrasiyalarla, nəfis tərtibatda nəşr edilmiş kitabın ön sözünün müəllifi görkəmli nizamişünas Rüstəm Əliyevdir.

Tədbir zamanı Almaniyada fəaliyyət göstərən azərbaycanlı müğənni Zahid Quliyev, kamança ifaçısı Atəş Quliyev və almaniyalı müğənni Dagmar Kuhn qonaqlar üçün milli musiqilərimizi səsləndiriblər.

Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Yarmarkasının davam etdiyi beş gün boyunca Azərbaycan stendində milli mədəni irsin, kitab sənayesinin tanıtımı ilə bağlı görüşlər keçirilib, beynəlxalq tərcümə proqramlarının təcrübəsi bir daha öyrənilib və stendə baş çəkən mətbuat nümayəndələrinə müsahibələr verilib.