Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan ilk irihəcmli əsəri “Sirlər xəzinəsi” (“Məxzənül-əsrar”) poemasıdır. Şair əsərin yazılma tarixini belə ifadə edib:
Beş yüz ilə yetmiş olub, qalx, oyan,
Gün qalxıb, məclisə gəl durmadan.
Ədəbiyyatşünasların fikrincə, bu beyt və bir sıra başqa faktlar əsərin 1174-cü ilin avqustundan 1175-ci ilin iyul ayına qədər olan dövrdə yazıldığını söyləməyə əsas verir. Əruzun səri bəhrində yazılan poema Ərzincan hakimi Məlik Fəxrəddin Bəhram şaha həsr olunub.
2288 beyt olan əsəri ayrı-ayrı vaxtlarda Azərbaycan dilinə Süleyman Rüstəm, Abbasəli Sarovlu və Xəlil Rza Ulutürk tərcümə edib. “Sirlər xəzinəsi” didaktik poema janrının ən qiymətli nümunələrindən hesab olunur.
Nizami haqqında geniş tədqiqatların müəllifi olan tanınmış ədəbiyyatşünas Azadə Rüstəmova bu əsər haqqında bəhs edərkən deyib: “Sirlər xəzinəsi”ndə duyğuya, iradəyə nüfuz güclüdür”.
İdeya baxımından “Kəlilə və Dimnə”, “Qutadqu-bilik”, “Hədiqətül-həqiqə”, “Siyasətnamə”, “Qabusnamə”, “Çəhar məqalə” kimi əsərlərə yaxın olan “Sirlər xəzinəsi” həm də onlardan fərqlənir. Poema müqəddimə, 20 məqalət (söhbət) və bu məqalətləri epik lövhələrlə əks etdirən 20 kiçik mənzum hekayədən ibarətdir. Böyük şair əsərin əvvəlində tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır.
Əsərdəki bir çox məqalə və hekayələri müəllifi düşündürən problemlərə həsr edilib. “İnsanın mərtəbəsi haqqında” birinci, “Ədalət və insafı gözləmək haqqında” ikinci, “Padşahın rəiyyətə qayğı göstərməsi haqqında” üçüncü məqalətlər, hekayətlərdən isə “Özündən naümid olub bağışlanan padşahın hekayəsi”, “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Zalım padşahla zahidin dastanı”, “Bir şahzadənin hekayəsi” və başqaları mütəfəkkir ədəbin dövlət və cəmiyyət münasibətlərini, humanist dəyərləri əks etdirir. Dahi şair dövrünün zalım hökmdarlarını bəzən axirətlə qorxudur. Gah da zülmün bu dünyada onlara zərər yetirəcəyini xatırladır. Bəzən də onları xalqın qəzəbi ilə hədələyir...
“Nuşirəvan və bayquşların söhbəti” romantik planda və poetik bir dillə nəql olunur. Əsərin qəhrəmanı Sasani hökmdarı Nuşirəvanın timsalında şair öz dövrünün mənzərəsini yaradıb. Hökmdarın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsi, Nizaminin gördüyü faciənin təsviridir. Şair ölkədə ədalətsizliyin, qətl və qarətin həddini aşdığını göstərmək üçün maraqlı bir ədəbi mənzərə yaradır: xarabalıq sevən bayquşlar şahı yaxşı tanıyır. Onlar əmindirlər ki, Nuşirəvan nə qədər şahdırsa, az bir vaxtda onlarla kənd xarabaya çevriləcək. Quş dili bilən vəzirin köməyi ilə bayquşların söhbətini dinləyən Nuşirəvan xəcalət çəkir. Əməllərini yadına salır və peşman olur.
“Zalım padşahla zahidin dastanı” və “Sultan Səncər və qarı” hekayətləri məzmunca bir-birinə bənzəyir. Əgər “Sultan Səncər və qarı”da şahın məmurlarının cinayətlərinə laqeydliyi əks olunursa, “Zalım padşahla zahidin dastanı”nda isə hökmdar daha qəddardır. Hər tərəfi casuslarla doldurur. Haqq deyən dilləri kəsdirir və şahın zülmündən şikayət eləyənləri məhv etdirir. Ölkədə şahın əleyhinə danışmaq ən qorxulu cinayət sayılır. Ona görə də bu hekayə “Sirlər xəzinəsi” əsərinin sanki açarı hesab edilib. Hekayətdə iki əsas surət var: zalım padşah və doğruçu qoca. Zalım padşah ordusuna, xəzinəsinə, casuslarına güvənir, doğruçu qoca isə düzlüyə. Zalım padşah hamını qanla qorxudaraq susdurmaq, özünə tabe etmək və qul vəziyyətinə salmaq istəyir. Doğruçu qoca isə düzlüyündən geri çəkilmir. Padşahın inadını qırır və özünə təslim edir. Düzlüyün, haqq-ədalətin qarşısında cəlladın qılıncı əlindən düşür...
“Bir şahzadənin hekayəsi”ndə şair yeniliklə köhnəliyin rəqabətini verib. Hekayətdə göstərilir ki, Mərvdə yaşayan gənc bir şahzadə ölkəni yeni qayda ilə idarə etmək istəyir. Ancaq varlı adamların müqaviməti ilə qarşılaşır. Köhnələr yeniliyə qarşı üsyan edir və gənci ölümlə hədələyirlər. Ruhdan düşən gənc şahzadə fikirli halda yuxuya gedir. Röyada bir qoca ona çıxış yolu göstərir və deyir:
Ey təzə ay, köhnə olan bürcü sök,
Ey təzə gül, köhnə budaqları tök.
Ölkə səninlə ola ta bərqərar,
Şadlıq elə, sən də yaşa bəxtiyar.
Gənc şahzadə başa düşür ki, qələbə çalmaq üçün maneələri aradan götürmək lazımdır. Beləliklə, o, köhnə zərərli qayda-qanunların üzərindən xətt çəkir. Yeni mütərəqqi yol seçir. Çox keçmir ölkə yeniləşir və abadlaşır. Bu, Nizami dövrü üçün son dərəcə cəsarətli bir addım və yenilik hesab olunur...
“Sirlər xəzinəsi”nə daxil olan digər məqalətlərdə də Nizaminin mütərəqqi baxışları öz əksini tapıb. O, şahları və məmurları ədalətə çağırır, keçmişdən nəticə çıxarmalarını tövsiyə edir.
Nizaminin bu poeması da əsrlər öncədən ölkəmizin hüdudlarından kənarda tanınmağa başlayıb. 1786-cı ildə Hindistanda çap edilən “Səfineyi-Asiyayi” məcmuəsinin ikinci nömrəsində “Sirlər xəzinəsi”nin iyirmi məqaləti dərc edilib. Əsər V.Conson tərəfindən ingilis, L.Hayn tərəfindən isə latın dillərinə tərcümə olunub. Sonra əsər Rusiyada işıq üzü görüb, Avropada təkrar nəşr edilib. Ümumiyyətlə, “Sirlər xəzinəsi” Avropa ədəbiyyatşünaslığında geniş maraq doğurub.
XIX əsrin II yarısında Nizami irsi, o cümlədən “Sirlər xəzinəsi”nin Avropada elmi-tənqidi nöqteyi-nəzərdən öyrənilməsi sahəsində macar alimi V.Baxerin fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Onun “Nizami” monoqrafiyası ilə şairin həyat və yaradıcılığının, qismən də “Sirlər xəzinəsi”nin tədqiqində yeni bir mərhələ başlayır. V.Baxer “Sirlər xəzinəsi” haqqında o vaxta qədər deyilməmiş yeni mülahizələr irəli sürür. Əsərin ideya istiqaməti, yazılma tarixi və ithaf edildiyi şəxsin kim olması problemləri üzərində dayanıb.
Hind alimi Ağa Əhməd ibn Əhmədin 1873-cü ildə yazdığı “Həft asiman” (“Yeddi səma”) adlı elmi əsəri “Sirlər xəzinəsi”nin tədqiqi sahəsində mühüm addım hesab edilir.
Savalan FƏRƏCOV