Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq incəsənət məktəbi oktyabrın 27-də “Nizami – 880” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim edib.
Əvvəlcə məktəbin direktoru Ramail Atayev çıxış edərək bildirib ki, “Nizami Gəncəvi İli” çərçivəsində Gəncə Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Şəhər Uşaq incəsənət məktəbi də dahi şairin yubileyinə töhfə hazırlayıb.
Ssenari müəllifi Günay Hüseynli, musiqi tərtibatçısı Məsud Kərimov olan kompozisiyada Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar ifa olunub, şairin qəzəlləri oxunub. Müəllimlərdən Gülmira Həmzəyeva Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm” romanslarını, Ədilə Hüseynova “Dilkeş”, Cəvahir İsmayılova “Mahur”, Zaur Dadaşov “Şur”, “Şikəsteyi-fars” təsniflərini ifa ediblər.
Şagirdlərdən Aysu Abbasova və Murad Məmmədlinin (tar) ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, “Vals” təqdim edilib. Məktəbin “Gəncə qönçələri” rəqs ansamblı (bədii rəhbər Xaliq Əliyev) lirik rəqs ifa edib. Gəncə Dövlət Kukla Teatrının rəssamı və aktyoru Məhəmməd Hacıyev Nizami Gəncəvi rolunda səhnəyə çıxıb.
Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov kompozisiyanın hazırlanmasına görə məktəbin rəhbərliyinə, pedaqoji kollektivinə minnətdarlığını bildirib.