Azərbaycanın Pakistandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Müasir Dillər Universitetində tələbələr üçün Vətən müharibəsinə həsr edilmiş fotosərgi təşkil olunub.
Sərgidə 30 ilə yaxın sürən erməni işğalının nəticələri, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın törətdiyi təxribatlara cavab olaraq Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlaması, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad olunması, azad edilən torpaqlarda aparılan bərpa və quruculuq işləri ilə bağlı fotoşəkillər yer alıb.
Sərginin açılışından sonra səfir Xəzər Fərhadov universitetin tələbələri üçün “Azərbaycan-Pakistan münasibətləri və Azərbaycanın Vətən müharibəsi” mövzusunda mühazirə oxuyub. Diplomat Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli formatda, həm də beynəlxalq müstəvidə hər zaman dəstəklədiyini vurğulayıb. O, Pakistanın Vətən müharibəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusi qeyd edib və Pakistan Hökumətinə, Parlamentinə və xalqına təşəkkürlərini çatdırıb.
Səfir müharibədən sonra Qarabağda aparılan bərpa-quruculuq işlərindən də bəhs edib, tələbələri maraqlandıran sualları cavablandırıb.