34-cü Tokio Beynəlxalq Film Festivalının əsas proqramında 15 film var
Müsabiqə proqramında azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” filminin də yer aldığı 34-cü Tokio Beynəlxalq Film Festivalı oktyabrın 30-da işə başlayıb.
Ötən il pandemiya səbəbindən mükafatlarını elan etməyən festivalın təşkilatçıları bu il də onun baş tutacağı ilə bağlı narahatlıq keçirirdilər. Tokioda pandemiya ilə bağlı vəziyyətin sabitləşməsi festivalın tamaşaçılarla birlikdə təşkilinə imkan yaradıb. Lakin bunun müqabilində məhz pandemiya səbəbindən viza verilmədiyinə görə festivala əcnəbi qonaqlar dəvət edilməyiblər.
Açılış mərasimində videomüraciətlə çıxış edən Yaponiya Baş naziri Fumio Kişida bildirib ki, koronavirus pandemiyasının davam etdiyi vaxtda festivalın təşkili çox əhəmiyyətlidir. Təşkilatçılar festivalın həm canlı, həm də onlayn formatda keçirilməsinə nail ola biliblər.
Festivalda əsas proqramda təqdim edilən ilk ekran əsəri amerikalı rejissor Klint İstvudun baş rolda özünün çəkildiyi “Kişi göz yaşları” filmi olub. Festival noyabrın 8-də daha bir ABŞ kinorejissoru və yazıçı Steven Çboskinin “Əziz Evan Hansen” filminin nümayişi ilə başa çatacaq.
Ümumilikdə müsabiqə proqramında 15 film nümayiş etdiriləcək. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Festivalda müsabiqəyə buraxılan filmlər arasında Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri var.
Hilal Baydarovun “Durna çırağı” filmində Hüquq fakültəsinin məzunu olan qızla dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs edilir. Maraqlı burasındadır ki, həmin qadınlar ona qarşı şahidlik etməkdən imtina edirlər. Filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və başqaları rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.
Son illər bir sıra festivallarda adından söz etdirən Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi 2020-ci ildə Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən biri sayılan Venesiya Beynəlxalq Film Festivalında nümayiş olunub. Rejissorun “Xurmalar yetişən vaxt” adlı ekran işi 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.
Onu da qeyd edək ki, “Durna çırağı” Tokio Beynəlxalq Film Festivalında nümayiş olunan ikinci Azərbaycan filmidir. 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi festivalın iştirakçısı olub.