Klassik ədəbi irsimizin dərindən öyrənilməsinə töhfə verən görkəmli alimlərimizdən biri də filologiya elmləri doktoru, Əməkdar elm xadimi Araz Dadaşzadə olub. O, ilk milli ensiklopediya redaksiyasının yaradılması və uğurlu fəaliyyətində böyük səy göstərib. Görkəmli alimi anadan olmasının 85 illiyi münasibətilə xatırladıq.

Araz Dadaşzadə 30 yanvar 1936-cı ildə Bakı şəhərində görkəmli ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arifin ailəsində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fəlsəfə fakültəsinə qəbul olunur. Bir il sonra həmin fakültə bağlandığı üçün o, təhsilini Tarix fakültəsində davam etdirir. 1957-ci ildə təhsilini uğurla başa vurur. Təyinatla Azərbaycan EA-nın Azərbaycan Tarixi Muzeyində əmək fəaliyyətinə başlayır. O, bir müddət burada çalışdıqdan sonra 1960-1963-cü illərdə akademiyanın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyur. Burada əvvəlcə kiçik elmi işçi, sonra isə Orta əsrlər şöbəsinin baş elmi işçisi olur. Tədqiqatçı 1964-cü ildə Molla Pənah Vaqifin yaradıcılığından namizədlik (fəlsəfə doktoru), 1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir.

Alimin davamlı araşdırmalarının nəticəsi olaraq “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)”, “Vaqif haqqında düşüncələr”, “XVIII əsr Azərbaycan lirikası” kitabları işıq üzü görür. 1968-ci ildə Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar yazdığı “Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” kitabçası Azərbaycan, ingilis, fransız, türk, ərəb, fars və rus dillərində işıq üzü görür. Müəllif əsərdə bildirir ki, M.P.Vaqif Azərbaycan ədəbiyyatında realizmin ilk nümayəndəsi olub. Alim bu fikrini XVII-XVIII əsrlər Azərbaycan lirik poeziyasına şamil edərək onun realist məqamlarını üzə çıxarıb. Tədqiqatçı bu barədə yazır: “Vaqifin lirikasının qəhrəmanları canlı, həyati insan və gözəllərdir. Onların yeri, ünvanı, milli-sinfi əlamətləri bəllidir. Şeirlərindəki real lövhələr təsadüfi hal olmayıb. Ümumiyyətlə, şairin dünyabaxışından, ədəbi-estetik prinsiplərindən doğan bir hadisə olub. Vaqif lirikasının etnoqrafik, məişət konkretliyi də onun realizmə sövqünə bir sübutdur”.

Professor Əziz Şərif alimin bu sahədə araşdırmalarını yüksək qiymətləndirərək yazır: “... Bu vaxtadək Vaqifin yaradıcılığını ehtiva edən belə sanballı əsər yazılmamışdır”.

Araz Dadaşzadə 1966-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında Ədəbiyyat və incəsənət redaksiyasının müdiri təyin edilir. Bir müddət sonra baş redaktorun birinci müavini vəzifəsinə irəli çəkilir. O, ensiklopediyada bəzən ideoloji yasaqları pozaraq mədəniyyət tariximizin nadir hadisələrinin işıqlandırılmasına nail olur. Hətta adının çəkilməsi qadağan edilən görkəmli şəxsiyyətlər haqqında, yığcam şəkildə də olsa, məlumat verilməsinə çalışır.

Əsasən ədəbiyyatşünas, ədəbi tənqidçi kimi tanınan A.Dadaşzadə eyni zamanda sənətşünaslıq sahəsinə də maraq göstərib. Yeni filmlər, tamaşaları və simfonik konsertlərlə bağlı dəyərli resenziyalar yazıb. 1956-cı ildə, 20 yaşında “Azərbaycan gəncləri” qəzetində dərc olunan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya bu sahəyə yeni bir sənət duyumlu gəncin gəlişindən xəbər verirdi. O, daha sonra “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi partladır” filmləri, S.Rəhmanın “Əliqulu evlənir”, “Aşnalar” komediyalarının səhnə təcəssümü və digər sənət hadisələri ilə əlaqədar dövri mətbuatda maraqlı məqalələrlə çıxış edib.

A.Dadaşzadə mətnşünas kimi də uğurlu fəaliyyət ortaya qoyub. O, “Böyük türkmən şairi Məhdumqulu”, “Aşıq Qurbani. 55 şeir”, “Aşıq Abbas Tufarqanlı. 72 şeir”, “Sarı Aşıq” və digər nəşrlərin ön söz müəllifi və tərtibçisi olub. “Azərbaycan ədəbiyyatının tarixi” məqaləsi (M.Quluzadə ilə birlikdə) Parisdə jurnalda dərc edilib.

Tanınmış alim eyni zamanda “Odlar yurdu” bədii, “Tülküyə uyduqda” cizgi və s. filmlərə ssenari yazıb. Azərbaycan Televiziyasının hazırladığı “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” və digər verilişlərin aparıcısı olub. Repressiya qurbanı, görkəmli ədəbiyyatşünas, mətnşünas Salman Mümtazın ictimaiyyətə tanıtdırılmasında da onun mühüm xidmətləri var.

A.Dadaşzadə qələmini tərcüməçilik sahəsində də sınayıb. R.Taqorun “Bağban” əsərini (Anarla birlikdə) və A.Tolstoyun “Mənim həyatım” kitabını Azərbaycan dilinə tərcümə edib. Elmi yaradıcılığı yüksək qiymətləndirilən alim 1989-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Araz Dadaşzadə 4 noyabr 1990-cı ildə yaradıcılığının ən bəhrəli çağında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

S.FƏRƏCOV