Xəbər verdiyimiz kimi, Dağıstan Respublikasının (RF) Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında “Xəmsə” və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub.
Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş tamaşanın müəllifi İftixar, quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir. Nizami obrazını gənc aktyor Sərxan Səmədov canlandırıb.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov TASS agentliyinə müsahibəsində bildirib ki, aktyorların nümayiş etdirdiyi gözəl oyun və dramaturgiya tamaşaçıların zövqünü oxşayıb. F.Əsgərov deyib: “Dağıstanda, xüsusən Dərbənddə böyük şair Nizaminin yaradıcılığına xüsusi sevgi var. Axı Nizaminin xanımı məhz bizim doğma Dərbənddən olub. Onun əsərlərində Dərbəndin adı dəfələrlə çəkilir”.