Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə 26 oktyabr – 6 noyabr tarixlərində keçirilən “Jazzery Voices” (“Caz səsləri”) silsilə tədbirlərinin birinci həftəsi maraqlı konsert proqramları ilə yadda qalıb.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihənin proqramına konsertlərlə yanaşı, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda elmi-yaradıcılıq konfransı, caz-vokal ifaçılığı üzrə ustad dərsi və seminar da daxildir.

Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, BMA-nın Q.Qarayev adına konfrans salonunda təşkil olunan konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətləri çıxış edir.

Xəbər verdiyimiz kimi, layihənin ilk konsert proqramını Beynəlxalq Muğam Mərkəzinin səhnəsində əfsanəvi “Qaya” qrupunun yeni heyəti  təqdim etmişdi.

“Jazzery Voices” layihəsinin növbəti “Joyful, Joyful” konserti caz xoru ənənəsinə həsr edilib. BMA-nın “Lumineux” xorunun (dirijor və bədii rəhbər – Əməkdar artist Naala Barateliya) ifasında məşhur spiriçuelslər, Amerika xor mahnıları, xorun solistləri Aytən Orucəliyeva, Ləman Abbaszadə və Natəvan Quliyevanın ifalarında “Somewhere Over the Rainbow”, “At Last”, “İ Put a Spell on You”, “Here’s That Rainy Day” standartları səslənib. Konsertin ilk bölümü L.Bethovenin məşhur “Sevincə doğru” himninin spiriçuel üslubunda işləməsi ilə tamamlanıb.

Konsertin növbəti hissəsində “H3 Collective” çıxış edib. Firudin Həmidovun rəhbərlik etdiyi qrup öz kompozisiyaları ilə birlikdə müxtəlif Azərbaycan xalq mahnıları və bəstəkar mövzularına işləmələrini, o cümlədən Rafiq Babayevin “Bayatı-Kürd” ladında” kompozisiyasının yeni müasir hip-hop üslubunda işləməsini təqdim edib.

Oktyabrın 30-da “Jazzery Voices” layihəsinin növbəti axşamında “Bakuba Band” qrupu yenidən Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşaçıların görüşünə gəlib. Qrupun rəhbəri, Əməkdar artist Tofiq Cabbarov dinləyiciləri Azərbaycan bəstəkar mahnıları əsasında caz kompozisiyalarının xoş, məzəli, latin-caz ab-havasına kökləyib. Konsert proqramını əvvəllər “Bəri bax” qrupunun solistləri olmuş və hazırda sərbəst fəaliyyət göstərən müğənnilər Diana Hacıyeva və Ülviyyə Rəhimova davam etdiriblər.

Nicat Aslanovun “Forward Azerbaijan” kvarteti, Afşin Əlizadənin kvartetinin müxtəlif ritmlərində təqdim etdikləri ifalar da sənətsevərlərin payız ovqatına caz əhvalı bəxş edib.

Qeyd edək ki, “Caz səsləri” silsilə tədbirlərinin son günü – 6 noyabrda caz ifaçılarımız Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vətən müharibəsində tarixi Zəfərə həsr olunmuş – “Jazz says Victory” konsert proqramını təqdim edəcəklər.