Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) tərəfindən mədəni əlaqələrin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübələrinin bölüşülməsi məqsədilə layihələr həyata keçirilir. İdarənin tabeliyindəki Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının hazırladığı “Zəfərin mübarək, Azərbaycan!” adlı səhnə əsəri Ağdaş rayon Heydər Əliyev Mərkəzində nümayiş olunub.
Ağdaş RMİ-nin rəisi Səxavət Məmmədov çıxış edərək bu kimi layihələrin davam etdirilməsinin vacibliyini bildirib.
Nümayişdən öncə Ağdaş RMİ-nin rəisi Səxavət Məmmədov və Bərdə RMİ-nin rəis müavini Validə Nabatova çıxış edərək Zəfər Günü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərdən, iki regional idarə arasında mədəni mübadilənin önəmindən bəhs ediblər. Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev tamaşa barədə məlumat verib.
Sonra səhnə əsəri təqdim olunub. İdeya müəllifi Əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova olan tamaşada Gülnigar Rəhimlinin “Elman və Sənubər” pyesinin motivlərindən istifadə olunub. Səhnə əsərində Vətən müharibəsində Azərbaycan əsgərlərinin şücaətindən, qazanılan şanlı Zəfərdən, Azərbaycan ailəsinə məxsus milli-mənəvi dəyərlərdən bəhs edilir.