Zəfər Gününə həsr olunmuş I Sumqayıt Kitab Sərgisi keçirildi

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtımız ənənəvi olaraq beynəlxalq kitab sərgisinə ev sahibliyi edir. 6-10 oktyabr tarixində gerçəkləşən 7-ci sərginin ab-havası çəkilməmiş Sumqayıtdan kitab bayramı sorağı gəldi. Deməli, genişmiqyaslı kitab sərgisi ənənəsinin yayılmasına şahid oluruq ki, buna da yalnız sevinmək lazımdır.

30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “Kimyaçı” Mədəniyyət Sarayında I Sumqayıt Kitab Sərgisi keçirildi. “Kitabla gəlirik” devizi altında təşkil olunan sərgi 8 Noyabr – Zəfər Gününə həsr edilmişdi.

Sərginin açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, millət vəkilləri, nəşriyyat rəhbərləri, kitabsevərlər iştirak edirdi.

ANİB-in sədri, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq sərgi iştirakçılarını salamladı.

Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, tanınmış jurnalist İlham Ağayev (Tumas) çıxışında Vətən müharibəsində qazanılan şanlı Zəfərdə kitabın rolundan bəhs etdi.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd etdi ki, hər bir xalqın inkişafı, onun gələcəyi elmdən asılıdır: “Gənclərə gələcəyimizi nurlandıran, dünyanın sirlərini bizə açan kitablarla dost olmağı tövsiyə edirəm”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, Sumqayıt şəhəri hər zaman elm və təhsildə qazandığı uğurlarla fərqlənib: “İnformasiya əsrində kitab mütaliə etmək çox vacibdir. Kitabsız ev pəncərəsiz mənzil kimidir. Nə qədər kitabımız olarsa, evimiz, cəmiyyətimiz də bir o qədər inkişaf edər. Hər birimiz bu sərgidən bir kitab almaqla həyatımızı zənginləşdirə bilərik”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sərginin əhəmiyyətini yüksək qiymətləndirdi. Söylədi ki, sərginin Zəfər bayramımıza həsr edilməsi təqdirəlayiq addımdır: “Hər bir millət elm və kitablar vasitəsilə inkişafa nail ola bilər. Böyük Hüseyn Cavidin dediyi kimi, “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”. Bugünkü tədbiri ziyalılığın güclənməsinə atılan addım kimi dəyərləndirirəm. Sərgiyə qızları ilə gələn valideynləri görürəm. Onlara söyləmək istəyirəm ki, qızlarınıza sərgidən kitab alanda qeyd edərsiniz ki, “bunu sənə cehiz alıram”. Birinci sinfə gedəndə atam mənə Nizami Gəncəvinin kitablarını alanda həmin sözü demişdi. Mən o illərdən sonra anladım ki, bir atanın öz qızına verəcəyi ən önəmli dəyər kitabdır, təhsildir”.

Millət vəkili Arzu Nağıyev dedi ki, çağımızda informasiya texnologiyaları nə qədər inkişaf etsə də, kitab öz əhəmiyyətini qoruyub saxlayır.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli sərgi iştirakçılarına nazir Anar Kərimovun salamlarını çatdırdı. Söylədi ki, bizləri naşirlərlə, oxucularla bir ayara gətirən dəyər məhz kitabdır: “Osmanlı hökmdarı Fateh Sultan Mehmet fəth etdiyi ölkələrdə ilk olaraq kitabxana yaradırdı. Həqiqətən də, kitab bizi parlaq gələcəyə aparan dəyərdir”.

Şöbə müdiri Bakı Beynəlxalq Kitab Sərgisinin bu ildən etibarən hər il keçiriləcəyini diqqətə çatdırdı. O, lokal səviyyəli kitab sərgilərinin ANİB-in dəstəyi ilə bütün regionları əhatə edəcəyini bildirdi.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi stendləri ilə yaxından tanış oldular.

***

Açılış mərasimindən sonra sərginin təşkilatçılarından “Qədim qala” nəşriyyat evinin icraçı direktoru, ANİB İdarə heyətinin üzvü Şöhlət İxtiyaroğlu qəzetimizə müsahibəsində Sumqayıtda ilk dəfədir belə böyük kitab sərgisinin keçirildiyini bildirdi: “Sərginin çox zəngin proqramı var. Kitab festivalına 30-dan çox yerli nəşriyyat və bir neçə böyük kitab mağazası qatılıb. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərgi və konsert proqramları təşkil olunacaq. Bundan əlavə, öz kitablarını təqdim etmək istəyən müəlliflər üçün ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi də fəaliyyət göstərir”.

Qeyd edək ki, Sumqayıtdakı kitab bayramında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxana fondları üçün ədəbiyyat nümunələrinin toplanılmasını nəzərdə tutan “Qarabağa kitabla gedirik”  birgə layihəsinə dəstək məqsədilə ayrıca stend də təşkil olunmuşdu.

ANİB-in növbəti kitab sərgisinin Gəncədə keçirilməsi nəzərdə tutulur.

Nurəddin MƏMMƏDLİ