Moskvada – Rusiya Dövlət Tretyakov Qalereyasında Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun (1928 –2021) sərgisi açılıb.
Tretyakov Qalereyasının ikinci binasında (“Yeni Tretyakovka”) təşkil olunan sərgi görkəmli rəssamın anadan olmasının ildönümünə (29 noyabr) həsr edilib.
Ziyarətçilərə Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında çəkilmiş 11 əsəri təqdim olunur.
“XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlinin ən nəhəng rəssamlarından biri olan Tahir Salahovun əsərlərinin genişləndirilmiş ekspozisiyası” – Tretyakov Qalereyasının rəsmi saytında sərgi barədə məlumat bu sözlərlə başlayır.
Diqqətə çatdırılır ki, ekspozisiyanı rəssamın Tretyakov Qalereyasının fonduna daxil olan ilk işlərindən biri – “Qladioluslar” natürmortu açır. Sərgidə Tahir Salahovun ən məşhur əsərlərindən sayılan “Qara Qarayevin portreti (1960), eləcə də “Abşeron motivləri” (1963), “Abşeron qadınları” (1967), “Xəzərin qoynunda” (1966) və başqa tabloları nümayiş olunur.
Sərgi 2022-ci il yanvarın 22-dək davam edəcək.