“Odlar diyarından” Almaniya-Azərbaycan musiqi günləri
5–7 noyabr tarixində Almaniyanın üç şəhərində “Harmony of Sound” (“Səsin harmoniyası”) Beynəlxalq Musiqi Festivalı – “Odlar diyarından” adlı Almaniya-Azərbaycan musiqi günləri keçiriləcək.
Festivalın təşkilatçısı və bədii rəhbəri Almaniyada yaşayıb-yaradan soydaşımız – bəstəkar və musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovadır. O, həmçinin “Bridge of Sound” (“Səs körpüsü”) orkestrinin və eyniadlı təşkilatın yaradıcısı və rəhbəridir.
Festival barədə “Mədəniyyət” qəzetinə açıqlama verən Xədicə Zeynalova deyib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası və beynəlxalq dialoqda ənənəvi musiqi ilə yanaşı, yeni musiqinin təqdim edilərək qavranılmasına və geniş auditoriya tərəfindən qəbul edilməsinə çalışmaqdır. Biz həm də musiqinin sayəsində sülhün möhkəmlənməsinə və fərqli mədəniyyətlərin təmsilçiləri arasında əlaqənin qurulmasına çalışırıq: “Təsadüfi deyil ki, ilk festivalı doğma Azərbaycana və Zəfər bayramımıza həsr etmişəm. Azərbaycandan xeyli uzaqda yaşasam da, ürəyim həmişə doğma vətənimlə birgə döyünür. Bəstəkar, musiqişünas olaraq milli və klassik musiqimizi, muğamlarımızı tanıtmağı özümə borc bilirəm. Bu həm də bizim festivalın məqsədlərindən biridir”.
Festival günlərində Detmold, Horn-Bad Maynberq və Bad Maynberq şəhərlərində dörd konsertin verilməsi nəzərdə tutulur.
5 noyabrda Detmoldda ilk musiqi axşamında instrumental muğamlarımız və rəqslərimiz təqdim olunacaq. Konsertdə Azərbaycanın Əməkdar artistləri Sahib Paşazadə (tar), Torğul Əsədullayev (kamança) və Kamran Kərimov (dəf, qaval, nağara, zərb alətləri) muğam parçaları səsləndirəcək və “Arazya Dance Company” rəqs ansamblı çıxış edəcək.
Ertəsi gün Horn-Bad Maynberqdə instrumental ifaçılarımızın daha bir muğam konserti olacaq. Həmçinin alman və azərbaycanlı bəstəkarların orqan və skripka musiqisindən ibarət konsert təqdim ediləcək. Proqrama Y.S.Bax, F.Mendelson, Q.Qarayev, N.Əliverdibəyov və başqalarının əsərləri daxildir. Konsertdə “Bridge of Sound” ansamblının ifasında Xədicə Zeynalovanın “Heinrix və Leyla” əsəri də səslənəcək. Bu əsər almanların Azərbaycanda məskunlaşmasına həsr olunub, hadisələr Annenfeld (indiki Şəmkir) qəsəbəsində baş verir. Konsertdə beynəlxalq müsabiqələr laureatı, skripkaçı Oqtay Zeynalov-Şubert, orqan ifaçısı Qreqor Şvars da çıxış edəcək.
“Odlar diyarından” Almaniya-Azərbaycan musiqi günləri noyabrın 7-də Horn-Bad Maynberq şəhərində instrumental ifaçılarımız və “Bridge of Sound” ansamblının birgə konserti ilə başa çatacaq.
G.MİRMƏMMƏD