Noyabrın 3-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) sərgi-muzey kompleksində “Tarixi Zəfər” adlı elmi konfrans keçirilib və sərgi açılıb.
Sərgidə ADRA müəllimlərinin, akademiya və onun nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci tələbələrinin Vətən müharibəsinə həsr olunmuş əsərləri nümayiş olunub.
ADRA-nın rektoru, akademik Ömər Eldarov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində qazanılmış tarixi Zəfərdən danışıb. Bildirib ki, Qələbə bütün yaradıcı insanların əsas mövzusuna çevrilib və yaşadığımız bu böyük sevinc sənətdə də əksini tapmaqdadır.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev “Təsviri sənətdə Qarabağ hadisələrinin əksi”, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov “Mədəni irsimizdə Qarabağ sədası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rima Qafarova “Zəfər Günü dövlətçilik tariximizin ən şərəfli günü kimi”, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova “Milli Azərbaycan Tarixi-Muzeyinin kolleksiyasında saxlanılan Vətən müharibəsi materialları” mövzusunda çıxış ediblər.
Daha sonra ADRA-nın Vətən müharibəsində iştirak edən əməkdaş, tələbə və məzunlarına mükafatlar verilib.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda videoçarx nümayiş olunub.