Beynəlxalq Muğam Mərkəzində “SOCAR Media”nın dəstəyi ilə hazırlanmış “Şuşa” sənədli filminin təqdimatı keçirilib.

Filmdə Qarabağın qəlbi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq göstərmiş qazilərin bu bənzərsiz hərbi əməliyyat haqqında xatirə və təəssüratları yer alıb. Çəkilişlər hərbi əməliyyatların getdiyi ərazilərdə – Şuşa ətrafındakı meşələrdə, qayalıqlarda və şəhərin daxilində aparılıb. Şuşanı azad edən qəhrəmanlar keçdikləri şanlı döyüş yolunu yenidən canlandırır və həmin həyəcan dolu anları bir daha yada salır, yaşadıqları duyğu və düşüncələri dilə gətirirlər.

Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Ekran işində həmçinin 1992-ci ildə Şuşanın Ermənistan tərəfindən işğalının qısa xronikası da təqdim olunur. Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycandakı siyasi xaos işğalın əsas səbəblərindən biri kimi göstərilir.

“Şuşa” sənədli filmi “SOCAR Media”nın sifarişi ilə “QULP STUDİO” tərəfindən hazırlanıb. Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri İntiqam Cəfərovdur.

L.AZƏRİ