“4.4” Qısa Tamaşalar Festivalının yekunları haqqında
Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 1-5 noyabr tarixində keçirilən “4.4” Qısa Tamaşalar Festivalı başa çatdı. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə və bu qələbəni bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf edilən festivalın bağlanış mərasimi Akademik Musiqili Teatrda gerçəkləşdi.
Mərasim mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin giriş sözü ilə başladı. O, festival iştirakçılarını təbrik edərək teatr sənətinin mədəniyyətimizdə xüsusi yerə malik olduğunu vurğuladı. Sənət festivallarının önəmini qeyd edən nazirin birinci müavini bu layihənin də davamlı olmasını arzuladı.
Festivalla bağlı videoicmal izlənildikdən sonra layihənin rəhbəri, teatrşünas Vidadi Qafarov çıxış edərək bu sənət bayramının baş tutmasında əməyi olan hər kəsə minnətdarlığını çatdırdı, iştirakçılara təşəkkür etdi.
Daha sonra hər kəsin həyəcanla gözlədiyi mərhələyə keçildi. Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Lənkəran Dövlət Dram Teatrının gənc rejissoru Tərlan Abdullayevin müəllifi və rejissoru olduğu “Sonuncu görüş” tamaşasının 3-cü yerə layiq görüldüyünü bildirdi. Diplom və mükafat qazanmış tamaşanın videoyazısı bir daha nümayiş olundu.
Səhnəyə münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov dəvət edildi. O, münsiflər heyətinin hər bir nümunəni diqqətlə izləyib analiz etdiyini dedi. Teatrşünas 2-ci yerə layiq görülmüş “44” tamaşasının yaradıcı heyətini səhnəyə dəvət etdi. Diplom və mükafatı qəbul edən tamaşanın müəllifi və rejissoru, Akademik Musiqili Teatrın rejissoru Zaur Əliyev münsiflər heyətinə və təşkilatçılara təşəkkürünü bildirdi. Bu qalib nümunə də izləyicilərə təqdim olundu.
Nəhayət, festivalın baş mükafatı – birinci yerin qalibi elan olundu. Bu, inklüziv ƏSA Teatrının “Qonşu” tamaşası (müəllif və rejissor Nihad Qulamzadə) idi. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tamaşanın yaradıcı heyətinə diplom, “Dəfnə” mükafatı və pul mükafatını təqdim etdi. Sevincini tamaşaçılarla bölüşən N.Qulamzadə bu mükafatın onları daha da həvəsləndirdiyini dedi. Tamaşaçılar festivalın birincisi olan “Qonşu”nu da izlədilər.
Sonda səhnəyə festivalın ideya müəllifi və direktoru Elçin Cəfərov çıxdı. O da teatr bayramının uğurla başa çatması münasibətilə hər kəsi təbrik etdi, ideyanı dəstəkləyənlərə təşəkkürünü bildirdi.
***
Xatırladaq ki, festivalda dörd gün ərzində ümumilikdə 22 səhnə işi təqdim olunmuşdu. Qısa tamaşalardan 10-u haqqında ötən sayımızda bəhs etmişdik. İndi isə qalan 12 tamaşa haqqında. Öncə festivalın 3 noyabr proqramına düşənlərə nəzər salaq.
Gəncə Dövlət Dram Teatrının təqdim etdiyi “Şuşa, sən azadsan!” tamaşası. 44 günlük müharibəyə həsr olunan qəhrəmanlıq dramının müəllifi həmin müharibənin iştirakçısı Həsən Cəfərov, rejissoru Elşad Əhmədovdur. İfaçılar Elxan Abbasov, Ruslan Hüseynov, Emil Salmanov, Elmir Məmmədov, Həsən Cəfərov, Hüseyn Cəfərov, Elnur Abbasov, Şahmar Məmmədov və Vasif İsmayılov bizə Şuşa döyüşlərini canlandırmağa çalışırdılar.
“Səhnə” teatrının “Biz böyüdük” işinə də baxdıq. Hamımıza tanış mövzu, yaralı xatirələr və ağrılı narahatlıqlar, şəhid xanımının qayğıları. Ərini müharibədə itirmiş ana uşaqlarının böyüməsini, yenidən tabut qucaqlamasını istəmir, müharibəyə də, onun nəticələrinə də necə tab gətirəcəyini götür-qoy edir. Müəllifi Xaqani Əliyev, rejissoru Şəhriyar Camalbəyli olan nümunədə Zülfiyyə Eldarqızının ifası təsirli idi. Balacalar Ərşad və Nəbi Ərşadlılar da ona qoşulmuşdular.
Şamaxı Mədəniyyət Mərkəzinin təqdim etdiyi “Savaş”da döyüşün getdiyi köhnə bir tikilidə iki yaralı əsgərin – azərbaycanlı və erməni döyüşçünün dialoqunu izləyirik. Hər ikisi müharibəni lənətləyir. Əbdül Məcidlinin müəllif işi olan nümunədə biz, sadəcə, müharibə və ona münasibəti görürük. Burada nə haqlını, nə qalibi, nə də nəticəni tapa bilirik...
Şəki Dövlət Dram Teatrının “Xain”i isə bir Azərbaycan kəşfiyyatçısının gizli əməliyyatından bəhs edir. Özünü ermənilərin arasına salır, onların rəğbətini qazanır. Sonda fürsət tapdıqda ona verilən tapşırığı layiqincə yerinə yetirir. Nümunənin müəllifi və rejissoru Orxan Həmidli, ifaçıları Xəyal Salahov, Arzu Mustafayeva, Rəhim Qocayev, Pərviz İsmayılov və başqaları idi.
Tərlan Abdullayevin “Sonuncu görüş”ü təqdim olunan ən təsirli işlərdən sayıla bilər. Gülər Kərimli və Sayad Əliyevin oynadığı tamaşanın qəhrəmanı əri İkinci Qarabağ müharibəsində şəhid olmuş gənc qadındır. O, artıq yaşamağın mənasız olduğunu düşünsə də, sonradan uşağının olacağını bilir. Əri ilə xatirələrini yada salaraq yaşamağa davam edir, onun yadigarını sağlam dünyaya gətirib xoşbəxt böyüdəcəyini qarşısına məqsəd qoyur.
Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Xarıbülbül” də müharibə mövzusuna romantik yanaşma hesab oluna bilər. Ramiz Duyğunun müəllifi olduğu nümunənin quruluşçu rejissoru Faiq Qardaşov daha çox Vətənə bağlılığa vurğu etmişdi.
4 noyabrda izlədiklərimiz arasında Bakı Uşaq və Gənclər Teatrının “Son nəfəsə qədər” tamaşası seçilirdi. Tarixi keçmişə simvolik ideya ətrafında baxan tamaşada 27 il ərzində özünü toparlayaraq dirçələn və güclənən dövlətimizin düşmənə qalib gəlməsi vurğulanır. Vətən müharibəsində soykökümüzün, ulu babalarımızın, şəhid oğullarımızın ruhlarının bizə verdiyi mübarizə əzmi göstərilir. Nümunənin müəllifi və rejissoru Könül Şahbazova, ifaçıları Gülər Ləzgiyeva, Türkan Şahmarlı, Sənan Fərzəliyev, Qurban Əhmədov və başqaları idi.
Lənkəran Dövlət Dram Teatrının “Ana” tamaşasına gəlincə, Oruc Qurbanov və Ağaddin Babayevin bu birgə müəllif işi savaşın anaların qəlbinə vurduğu yaralara işıq tutur.
Cavid İmamverdiyevin müəllif işi olan “Döyüşən tar”da hadisələr I və II Qarabağ müharibələri fonunda cərəyan edir. I Qarabağ müharibəsi zamanı şəhid olan atanın yarımçıq qalan arzularını övladları həyata keçirirlər. Tamaşada ifaçılar Elçin İmanov, Mehriban Zalıyeva, Emin Əliyev, Humay Qədimova ilə yanaşı xor və balet artistləri də yer alıb.
Mingəçevir Dövlət Dram Teatrının “Bazar günü” tamaşasında hadisə 2021-ci ildə cərəyan edir. Qonşu olan, hər ikisi I Qarabağ müharibəsində ayaqlarının birini itirən qazilərin ayaqqabıları yoxa çıxır. Təzə ayaqqabı almaq üçün şəhərə çıxırlar. Hərbi qənimətlər parkını ziyarət edən qazilər mağazadan bir cüt ayaqqabı alıb aralarında bölüşürlər. Evə qayıtdıqda içində məktub qoyulmuş köhnə ayaqqabılarını masanın üstündə görürlər... Nümunənin müəllifi Ülviyyə Heydərova, rejissoru İlqar Rəhimov, ifaçıları Asim Məmmədov, Firuz Hacıyev, Turqut Məsimli və Nargilə Abdullayeva idi.
Gəncə Dövlət Kukla Teatrı festivala “Xarıbülbül” əfsanəsi” tamaşasını təqdim etmişdi. Kukla və kölgə janrında hazırlanmış tamaşada işğal altında olan torpaqlarımızda qoca və gənc çinarın “Xarıbülbül” əfsanəsi haqqında söhbəti təsvir edilir. Tamaşanın müəllifi və rejissoru Zülfiyyə Əliyevadır, rolları Xudayət Əsgərov, Nahidə Namazova, Elmar Vəliyev və Yeganə Məmmədova ifa edirlər.
İnklüziv ƏSA Teatrının “Qonşu” film-tamaşasında da hadisələr işğala məruz qalan bölgəmizdə baş verir. Otuz il əvvəl azərbaycanlı qonşularını xaincəsinə tələyə salaraq ölümünə səbəb olan erməni ailəsi onların evini ələ keçirir. Qonşu evində yaşayan erməni ailə heç vaxt xoşbəxtlik əldə edə bilmir. İkinci Qarabağ müharibəsi başlayan zaman onların xoşbəxtlik arzuları tamamilə yox olur... Onu da deyək ki, müəllif və rejissoru Nihad Qulamzadə olan tamaşada 44 günlük Vətən müharibəsi qazisi, II qrup əlil Elvin Şahmərdan da rol alıb. Səhnə əsərində Səmayə Ağayarova, Elşən Əsgərov, Anar Əliyev, Günay Məmmədova və başqaları iştirak edir.
Sonda onu da qeyd edim ki, festivala təqdim olunan işlər arasında mövzunun işlənməsindən çox imitasiyanı, konkret mətndən imtinanı da gördük. Bir sıra işlərdə real müharibə təsvirlərində quru, emosiyasız yanaşmanı izlədik. Təbii ki, təsirli aktyor ifaları, özünəməxsus mesajları olan, festivalın mövzusuna adekvat işlər də az deyildi.
Əziz teatr təmsilçiləri, mövzu yepyeni, müasir teatr gerçəkliyə fərqli baxışdırsa, buyurun, bəlkə bir də bu cür yanaşaq...
H.NİZAMİQIZI