Söz vaxtına çəkər deyiblər… Təxminən bir il öncə, 2020-ci ilin ilk payız günlərində bütün Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ savaşında uğura kökləndiyi günlərdə ölkəmizin çox ziyalısı, sənət adamı, özünü əsl Azərbaycan vətəndaşı sayanlar dəmir yumruq kimi birləşdilər, haqq savaşında öz sözlərini dedilər, səslərini ucaltdılar.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Aleksandra Nikuşina da öz münasibətini kütləvi informasiya vasitələrində belə bildirmişdi: “Bu münaqişə 30 ildir ki, gözlərimin qarşısında baş verir. Bir zamanlar gözəl diyarımız Şuşada da, Xankəndidə də olmuşam. O yerlər Vətənimin bir parçasıdır. Azərbaycan mənim üçün təkcə doğulub yaşadığım ölkə deyil, bu ölkə mənə hər şey verib. Bu ölkənin bütün sevincləri sevincim, dərdi dərdimdir. Bu günlər mənim ürəyim Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlər aparan Azərbaycan Ordusunun hərbçiləri ilə birgə döyünür...”.
44 günlük Qarabağ savaşında Qələbəmizin bir yaşının sevincini yaşadığımız bu günlərdə Xalq artisti Aleksandra Nikuşina yenidən öz ziyalı mövqeyini nümayiş etdirdi. Özü də doğma teatrının səhnəsində. Teatrsevərlər onu aktrisa kimi tanısa da, bu xanım həm də incəqəlbli şairədir. O, çalışdığı teatrda yüzədək tamaşada mahnı mətninin müəllifi olaraq da çıxış edib. Qarabağ münaqişəsi başlayan vaxtdan bəri Aleksandra Nikuşina bu mövzuda da xeyli gözəl şeirlər yazıbmış. Ölkənin elektron mətbuatında yer alan “Bu, mənim də savaşımdır” adlı poetik silsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
Və… Teatrda belə bir ideya yaranıb ki, şairə-aktrisanın bu poetik silsiləsi əsasında monotamaşa hazırlansın. “Mənim savaşım” adlı monotamaşa noyabrın 8-də – Zəfər bayramını ilk dəfə qeyd etdiyimiz gündə teatrın qələbə ərməğanı olaraq təqdim edildi.
***
Tamaşadan əvvəl teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski, premyeraya dəvət olunan qonaqlar – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Qasımov çıxış edərək bu böyük gün münasibətilə salona toplaşanları təbrik etdilər, 44 günlük haqq savaşımızın dünyada doğurduğu əks-sədadan, beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna təsirindən danışdılar.
***
…Pərdə açılır. Arxada erməni vandallığının üç nümunəsi – Üzeyir bəyin, Xan qızı Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin maketi görünür. Səhnəyə çıxan Aleksandra Nikuşina heykəllərin önünə qərənfil düzdükdən sonra öz çıxışına başlayır. Onun şeirlərində nələr yoxdur? Ermənilərin əzəli torpaqlarımızda kök salmaq üçün qurduqları iyrənc oyunların ifşası, qocaların, qadınların, uşaqların qurban getməsi, Gəncə faciəsi, “Xudayar təsnifi”nin vəsfi, şəhid oğlunun tabutu altına çiynini verən məğrur ana, məqsədindən dönməz Azərbaycan zabiti, düşmən gülləsini sinəsi ilə susduran əsgərimiz…
Şairlərin çoxu öz şeirini söyləyəndə sözlə deyə bilmədiyini səsinin çaları ilə çatdırmağı bacarır. Əgər o həm də istedadlı səhnə ustasıdırsa, bu zaman poeziyanın təsir effekti qat-qat artır. Aleksandra Nikuşina da zaman-zaman şairə kimi duyduqlarını aktrisa olaraq dilə gətirdi, bir tamaşada neçə obraz yaratdı. Lakin tamaşaçı ilk növbədə səhnədə müharibəyə, qəsbkara üsyan edən Qadını, dərdin dilləndirdiyi Ananı gördü. Müəllif-ifaçı bir saata yaxın davam edən monotamaşada otuzillik münaqişənin tarixini söyləyib Qələbə sevincini yaşaya bildi.
İstərdik ki, quruluşçu rejissor Aleksandr Şarovskinin, musiqi tərtibatçısı Vladimir Neverovun, rəssamlar Olqa Abbasova və Aleksandr Fyodorovun (hər üçü Əməkdar mədəniyyət işçisi) zəhmətinin bəhrəsi olan “Mənim savaşım” monotamaşası teatrın repertuarında möhkəmlənsin. Çünki bu savaş hamımızın savaşı idi: illər uzunu bədnam qonşudan çəkdiyimizi unutmaq bizə yaraşmaz.
Gülcahan MİRMƏMMƏD