“Sədərək” Ticarət Mərkəzində Zəfər Günü münasibətilə tədbirlər keçirilib

 

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın ordumuzla birliyi sayəsində işğal altındakı torpaqlarımız azad edildi, otuz ilin yurd həsrətinə son qoyuldu. Otuz il bir igid ömrüdür. O igidlərin ki, Qarabağı görməmişdilər, yurd yerlərimizin işğalından sonra dünyaya gəlmişdilər və bu torpaqlar uğrunda şəhid və qazi oldular.

Bu fikirlər noyabrın 8-də “Sədərək” Ticarət Mərkəzində Zəfər Günü münasibətilə keçirilən bayram tədbirində səslənib.

Tədbirdə “Sədərək” firmasının rəhbərliyi, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələrinin üzvləri, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Sədərək” firmasının mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim tədbiri açaraq Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu vurğulayıb, 44 gün davam edən müharibədə Azərbaycan Ordusunun döyüş əzmindən, şəhid və qazilərimizin qəhrəmanlığından bəhs edib. O, “Sədərək” firmasının Vətən müharibəsi zamanı, eləcə də müharibədən sonra Silahlı Qüvvələrimizə, şəhid ailələri və qazilərə daim dəstək göstərdiyini vurğulayaraq, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə də töhfə verəcəklərini deyib.

“Sədərək” firmasının icraçı direktoru Vaqif Hüseynli çıxış edərək bildirib ki, bu gün Azərbaycanın bütün rayon və şəhərlərində Zəfər Günü təntənəli şəkildə qeyd edilir: “Qarabağda, o cümlədən mədəniyyət beşiyimiz Şuşada Azərbaycanın üçrəngli bayrağı dalğalanır və bu, hər birimizdə qürur hissi yaradır. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təsis olunan 8 Noyabr – Zəfər Gününü “Sədərək” firması olaraq biz də şəhid ailələrinin üzvləri, qazilərimizlə birlikdə böyük sevinclə qeyd edirik”.

Vaqif Hüseynli bildirib ki, “Sədərək” firmasının 50 nəfər əməkdaşı Vətən müharibəsində könüllü şəkildə iştirak edib. Onlardan 4 nəfər döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib, 10 nəfər ağır yaralanaraq qazi olub.

Vətən müharibəsinin ilk günlərindən “Sədərək” firması ordumuza dəstək göstərib. Döyüşən ordu hisslərinə ərzaq, ləvazimat, geyim, Füzuli rayonundakı hərbi hospitala və Mərkəzi xəstəxanaya tibb personalının və maddi köməyin göndərilməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinə müxtəlif markalı avtomobillərin verilməsi, eləcə də Silahlı Qüvvələrə Yardım Fonduna ianələr olmaqla, ümumilikdə 4 milyon 100 min manatdan çox yardım göstərilib. Firmanın nəzdində fəaliyyət göstərən “Dübrar” su zavodu ordumuzu içməli su ilə təmin edib. Həmçinin müharibədən sonra yaradılan “YAŞAT” Fonduna firmanın rəhbərliyi tərəfindən 100 min manat ianə edilib.

“Sədərək” firmasının təsisçisi Yusif Qədimbəylinin göstərişi ilə firmanın məsul şəxsi Hacı Ənvər Qədimov 44 günlük müharibə dövründə, eləcə də müharibədən sonra bir ay müddətində “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlarla birlikdə bu yardımların cəbhə bölgəsinə, aidiyyəti yerlərə çatdırılmasını təşkil ediblər. Bu işdə ticarət mərkəzində çalışan sahibkarlardan Murad Əliyev, Vüqar Zeynalov, Rahib Məmmədov, Mehrab Dadaşov, Ədalət Çavziyev, Nəsimi Zeynalov, İlqar Əsgərov, Sadiq İsayev, Etibar Əmirov, Mirnizaməddin Seyidsoy, Emin Əhmədov, Elşən Cəbrayılov bilavasitə iştirak ediblər.

Bayram tədbirində həmçinin “Sədərək” firmasının Həmkarlar İttifaqı Komitəsinin sədri Sabir Ələkbərov, Vətən müharibəsinin iştirakçısı olmuş “Sabit Mühafizə Xidməti”nin əməkdaşları Elmir Quliyev, İsmayıl Qurbanov çıxış ediblər. Hər iki qazı şanlı savaşın iştirakçısı olmaqdan fəxarət duyduqlarını vurğulayaraq bildiriblər ki, döyüşlərdə bizə ruh, qüvvət verən xalqımızın birliyi, dəstəyi idi.

Mərasimdə şəhid ailələrinin üzvləri də çıxış edərək ürək sözlərini bildiriblər. Şəhid övladları şeirlər söyləyiblər. Zəfər ruhlu musiqilər səslənib.

Sonra ticarət mərkəzinin “Elit” kompleksinin 2-ci mərtəbəsində “Zəfər Günü” muzeyinin açılışı olub. Burada Vətən müharibəsini və Zəfər salnaməsini əks etdirən fotolar, müxtəlif eksponatlar nümayiş olunur. Bildirilib ki, gələcəkdə muzeyin ekspozisiyası daha da zənginləşəcək.

“Sabit Mühafizə Xidməti”nin (SMX) inzibati binasının həyətində SMX-nin əməkdaşı, şəhid Nəcməddin Sarkayevin xatirə lövhəsi önünə əklil qoyulub.

Mərasim iştirakçıları burada salınan “Şəhidlər bağı”na gəliblər. Bağın girişində ”Şəhidlər ölməz, Vətən bölünməz!” fotostendinin təqdimatı olub. Stenddə Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman şəhidlərinin fotoları vurulub. Şəhid ailələrinin üzvləri əzizlərinin portretləri önündə xatirə şəkilləri çəkdiriblər.

“Sədərək” firması rəhbərliyinin iştirakı ilə “Şəhidlər bulağı”nın açılışı olub və bağda ağaclar əkilib. Şəhid ailələrinin üzvləri, şəhid övladları və yaxınları da canını Vətən torpağı üçün fəda etmiş igidlərin xatirəsinə ağaclar əkiblər.

Bayram mərasimi ticarət mərkəzindəki “Şah” hotelində çay süfrəsi ətrafında davam edib. Şəhid övladlarının iştirakı ilə “Zəfər Günü” tortu kəsilib.

“Sədərək” firmasının mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bir daha qəhrəman Vətən oğullarının ailə üzvlərini, yaxınlarını salamlayaraq bu bayram günündə bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

Sonra söz “SMX” MMC-nin direktoru Şahlar Səfərova verilib. O, tariximizin şərəfli səhifəsi olan bu günün əhəmiyyətini vurğulayaraq bildirib ki, indiyədək şəhid ailələri ilə keçirdiyimiz görüşlərə, tədbirlərə qəm, qüssə, yurd nisgili hakim idi. Amma bugünkü mərasimə hər kəs fərqli əhvalda, Zəfər ruhu ilə qatılıb. Bizə bu ruhu qaytaran, xalqımızın başını uca edən şəhidlik zirvəsindəki Vətən övladlarıdır. Onların xatirəsini, Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Zəfər tarixini əbədiyyən yaşatmaq borcumuzdur.

“Sədərək” firması adından Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin ailələrinə Zəfər Günü şərəfinə xüsusi olaraq hazırlanmış xatirə plaketi və hədiyyələr təqdim edilib. Plaket və hədiyyələri firmanın icraçı direktoru Vaqif Hüseynli və Təftiş şöbəsinin müdiri Mikayıl Qədimov təqdim ediblər.

Şəhid ailələrinin üzvləri göstərilən diqqətə görə “Sədərək” firmasının rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Birinci Qarabağ müharibəsinin şəhidlərindən Fuad Əsədovun anası Solmaz xanım, Arif Alekseyevin həyat yoldaşı Məlahət xanım, İkinci Qarabağ müharibəsi şəhidi Taleh Yusifovun anası Süsən xanım, digər şəhid yaxınları ürək sözlərini bölüşüblər. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin yolunu İkinci Qarabağ müharibəsində davam etdirən oğullar illər öncə torpağa düşmüş igidlik, rəşadət toxumlarını cücərdərək Zəfər tağına çevirdilər. Torpaq, uğrunda ölən varsa, Vətəndir! Torpağı Vətən edən oğulların xatirəsini yaşatmaq Vətəni yaşatmaq deməkdir.

Vüqar ORXAN