Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi Amerika Kino Akademiyasının “Oskar” mükafatına Azərbaycanın namizədi olaraq təsdiq edilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, ittifaqın “Oskar” komitəsinin seçimi ilə ekran əsəri “Xarici dildə ən yaxşı film” nominasiyasında ölkəmizi təmsil edəcək.

“Daxildəki ada” filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, təsvir rejissoru Orxan Abbasov, baş prodüserləri Müşfiq Hətəmov, Kamal Həsənov və Rüfət Həsənov, icraçı prodüserləri Nadir Əliyev və Kamran Ağabalayev, müştərək prodüseri Giyom de Seydir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi 2020-ci ildə Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Filmin post-prodakşn dəstəyi CNC – Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Bakı Media Mərkəzinə, media dəstəyi İctimai Televiziyaya aiddir.

94-cü “Oskar” mükafatlarının təqdimat mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.