Bu yaxınlarda yaranan özəl “Səhnə” teatrı ilk premyerası ilə sənət aləminə səs saldı. Düzü, pandemiyadan yenicə çıxmış teatr mühitimizdə yeni teatrın yaranması elə sənət fədakarlığına bərabər bir addımdır. Odur ki, dəvəti məmnuniyyətlə qəbul edib teatrın premyerasına yollandım. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində əsl bayram ab-havası var idi. Gül-çiçək dəstəli şaqraq gənclər sıralardakı yerlərini aldıqca səhnə arxasında xoş həyəcanın var-gəli yaşanırdı.
Tamaşaya keçməzdən əvvəl məlumat üçün deyim ki, teatrın yaradıcısı “1 Səhnə” prodüser mərkəzinin direktoru, aktyor Elçin Hacı, bədii rəhbəri Xəqani Əliyevdir.
İlk tamaşa Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin motivləri əsasında hazırlanmışdı. “Bir dəfə Qarabağda” adlı etnoqrafik müzikl janrında tamaşa iddialı görünürdü. Çünki Axundzadə, onun dəfələrlə səhnə və kino kontekstində tamaşaçı ilə üz-üzə dayandırdığı qəhrəmanları bu dəfə bizi bir başqa ovqata aparacaqdı.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva ifa edirdilər. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına (bədii rəhbər – Məmmədəli Məmmədov) aid idi.
İndi isə keçək əsas məsələyə. Şəxsən mənim üçün maraqlı idi və elə bu maraqla da tamaşanın müəllifinə “Niyə məhz Axundzadənin bu əsəri?” sualını ünvanladım. Axı Jordan ağanın hekayəti həm məşhur filmdə, həm də dəfələrlə ayrı-ayrı səhnə üslublarında başqa-başqa teatrlarda sənət ömrü yaşayıb.
Doğrusu, cavabdakı məlum həqiqətlərə baxış xoşuma gəldi: “Qarabağda qazandığımız Zəfərdən sonra əsərə bu günün hadisələrinin tələb etdiyi gözlə baxmaq qərarına gəldik. Çox mətləblər bizə agah oldu. Hadisələrin niyə məhz Qarabağda baş verdiyinin fərqinə vardıq. Müsyö Jordanın da, dərviş Məstəli şahın da Qarabağdakı fəaliyyətlərinə bu günün gözü ilə baxdıq, paralellər axtardıq. Qarabağın bəy və xanımlarını sovet dövrü ədəbiyyat tənqidçilərinin cızdıqları “dairədən” çıxardıq, olduqları kimi – avamlıqdan, cəhalətdən uzaq, incəqəlbli sadəlövh insanlar kimi təqdim etməyə çalışdıq. Sübut etməyə cəhd etdik ki, hadisələrin baş verdiyi zamanda biz heç də avam olmamışıq”.
Deyim ki, janra uyğun səhnə həllinə nail olunmuş və ümumən onun tələbləri öz həllini tapmışdı. Ələlxüsus da bizim yenidən Qarabağa dönmək, onun haqqında düşünmək və Axundzadənin təsvirindən baxmaq imkanlarımızı yaxşı təhlil etmişdilər.
Rəqs, ümumən xoreoqrafik həldə etno-xüsusiyyətləri gözləməklə avanqard, estetik, müəyyən məqamlarda emosional təsir yaradan detalları yaxşı tutmuşdular. Bu məqamda bəstəkar işinin üzərindən söz ilə keçməyək. Müəllif tamaşanın, ümumən əsərin, onun ideya və əsas vurğularının təsir gücünü duymuş və bunu bütün emosional çalarlarında tamaşaçıya əlçatan etmişdi. Səhnədəki canlı ifa və ovqata ram olan oyun, aktyor plastikası, o qədər də adət etmədiyimiz dinamizmi də bacardıqları kimi çatdırmışdılar. Gənc şairin dahi dramaturq və mütəfəkkirin ideyası və məhz bu əsərinin alt qatındakı məqamlara son otuz ilin prizmasını da qatmaqla yazdığı şeirlər də alqışa layiq idi.
Ümumən, tamaşanın musiqi və poetik düzümü ona calaq təsiri yaratmadı, əksinə, müəyyən mizanlarda hətta onu xilas etdi. Rejissor hamımıza bəlli, müəyyən qisim üçün isə aydın mətləblərə bəzən ifrata varmaqla sanki tamaşaçıya “demək istəyirəm ki” mesajlarını verirdi ki, bu, Axundzadənin mətnində, onsuz da, var və klassik oxucu bunu özü üçün zatən çoxdan ayırd edib.
Digər tərəfdən, hamımızın sevə-sevə tamaşa etdiyi məşhur kino nümunəsi var. Odur ki, ya tam başqa estetika və zövqdə olub təsvirdən qaçmalısan, ya da, əksinə, fikrin, təşəbbüsün davamını 2021-ci ilin pəncərəsindən görməlisən.
Məsələn, tamaşaçını daim müasir bəlamız olan xurafatla yox, onu təhrik edən məqamlardan qaçmaqla silkələməlisən. Yaxud da Axundzadənin təsvirlərindən yola çıxıb, çağdaş Şəhrəbanunu, Hətəmxan ağanı, Şahbazı, Rəşidi Müsyö Jordana qarşı qoymalısan. Rejissor bizə hadisəni, gedişatı, nəticəni qüvvətləndirdiyi, əlavə təsvirlərlə rəngləməyə çalışdığı mizanlarla verdi və işinin öhdəsindən gəlməyə çalışdı.
Ümumiləşdirsək, istər peşəkar, istərsə də səhnədə ilk gördüyümüz gənclər yaxşı təsir bağışladılar. Hətəmxan ağa, Dərviş Məstəli şah, Şəhrəbanu, Şərəfnisə, Qulaməli rollarının ifaçıları, xüsusən Xanpəri təbii oyunları ilə yadda qaldılar.
Son olaraq onu da deyim ki, dramaturji baxımdan kifayət qədər materialı olan əsərdən yeni ideya toxumaları ətrafında fərqli biçimli iş hazırlamaq yeni “Səhnə”nin iddiası kimi alqışlanmalıdır və tamaşaçılara qoşulub biz də onu etdik.
Həmidə NİZAMİQIZI