Nizami qədim ərəb əfsanəsini ilk dəfə yazılı ədəbiyyata gətirib


“Leyli və Məcnun” “Xəmsə”yə daxil olan üçüncü poemadır. Dahi Nizami Gəncəvi bu əsərində insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında düşüncələrini qələmə alıb.

Belə bir mövzuda əsər yazmağı şairdən Şirvanşah I Axsitan (1160-1197) xahiş edib. Buna baxmayaraq Nizami heç də dövrün şahlarını təmin edəcək əsər yaratmır. O daha çox öz narahat düşüncələrini qələmə alır. Söz ustadı “Leyli və Məcnun”u 1188-ci ildə yazıb başa çatdırıb.

Axsitan şairdən bu “gəlin”i (mövzunu) fars, ərəb əfsanə və rəvayətləri ilə bəzəməyi istəyir. Şair mövzu ətrafında ciddi axtarışlar aparır və bənzərsiz bir söz abidəsi ucaldır.

4600 beytdən ibarət, həzəc bəhrində olan poema Yaxın Şərq xalqlarının folklorunda geniş yayılmış bir dastan-rəvayəti əks etdirir. Nizami dastanı yazılı ədəbiyyata gətirən ilk şairdir.

Əsər VII əsrdə indiki Səudiyyə Ərəbistanı ərazisində yaşamış Qeys ibn Muləvvəh adlı gəncin həyatı və Leyli adlı qıza olan nakam sevgisindən bəhs edir. Qeys Leyliyə sevgisini ifadə edən şeir və nəğmələr yazır. Leylinin atasından qızını ona ərə verməyi xahiş edir. Ata bunun qəbilə qaydalarına zidd olduğunu bildirir. Bundan sonra Leyli başqa birinə ərə verilir. Əsas hadisələr də bundan sonra cərəyan edir. Qeys səhraya üz tutur, öz eşqi yolunda Məcnuna çevrilir.

Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərdə Orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. Poemada eyni zamanda həmin dövrün ictimai mühitində insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.

İki gəncin nakam məhəbbəti haqqında rəvayətlər toplu halda olmasa da, təzkirə müəllifləri tərəfindən yazıya köçürülüb. Akademik İ.Y.Kraçkovski onları geniş təhlil edib. Süjetin Şərq xalqları folklorundakı variant və motivlərinin bütövlükdə öyrənilmədiyini bildirib. Professor Q.Cahani isə qeyd edir ki, Y.Bertels “Hicazinin məşhur məlumatına əsaslanaraq rəvayətin ərəblərdən əvvəl başqa xalqlarda olması”nı nəzərdə tutub. Akademik H.Araslı “Leyli və Məcnun” mövzusundan bəhs edən bir çox ərəb alimlərinin fikirlərini tədqiqata cəlb edib. Leyli və Məcnun haqqında rəvayətlərin xalq poeziyasında yaranıb müxtəlif variantlarla intişar etdiyini göstərib.

Poemadan kiçik bir parça ilk dəfə İngiltərə şərqşünası, tərcüməçi Ceyms Atkinson tərəfindən ingilis dilinə tərcümə edilərək 1836-cı ildə yayımlanıb, 1894 və 1915-ci illərdə təkrar nəşr olunub. Əsərin rus dilinə tərcüməsi isə Y.Bertels (kiçik prozaik tərcümə) və T.Forş tərəfindən edilib. Tam poetik tərcümə isə P.Antokolski tərəfindən həyata keçirilib. Poemanın fars dilindən rus dilinə prozaik tərcüməsini isə professor Rüstəm Əliyev gerçəkləşdirib.

“Leyli və Məcnun” bütöv halda Azərbaycan dilinə Xalq şairi Səməd Vurğun tərəfindən tərcümə edilib. Bu, Nizami əsərlərinin tərcümələri arasında ən yaxşısı hesab edilir. Yüksək bədiilik, axıcılıq müşahidə olunan tərcümə orijinal əsər təsiri bağışlayır.

Nizaminin “Leyli və Məcnun”u farsdilli ədəbiyyata ciddi təsir göstərib. Ondan sonra bir çox şairlər rəvayəti öz baxışlarına uyğun müxtəlif variantlarda qələmə alıblar. 1298-ci ildə türk əsilli Hindistan şairi Əmir Xosrov Dəhləvi fars dilində ikinci “Leyli və Məcnun” poemasını yazıb. “Leyli və Məcnun” mövzusuna müraciət edən tanınmış Azərbaycan şairi Həqiri Təbrizi 1426-cı ildə ana dilimizdə eyniadlı poema qələmə alıb. Bundan əlavə, fars-tacik şairi Əbdürrəhman Cami fars dilində, Əlişir Nəvai isə özbək dilində Nizami təsiri ilə bu mövzuda poemalar yazıblar.

Nizaminin “Leyli və Məcnun”undan ilhamlanan böyük Azərbaycan şairi Məhəmməd Füzuli bu mövzuda bənzərsiz bir əsər yaradıb. Füzulinin 1536-cı ildə ərsəyə gətirdiyi poema ideya-bədii xüsusiyyətləri və təbii ki, Azərbaycan dilində olması ilə bütün “Leyli və Məcnun”ların başında dayanır. XX əsrin sonlarında Azərbaycan şairi Əndəlib Qaracadaği bu mövzuya müraciət edərək poema yaratmış son şair hesab olunur.

N.Gəncəvinin “Leyli və Məcnun” məsnəvisi Yaxın Şərq xalqlarının incəsənətinə də dərin təsir göstərib, bir çox rəssam və miniatürçülər bu mövzuda əsərlər yaradıblar. Bu mövzuya müraciət edən məşhur miniatür ustaları arasında Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Seyid Əli, Müzəffər Əli kimi Azərbaycan sənətkarları da var. “Leyli və Məcnun” süjetləri milli xalça sənətində də öz əksini tapıb.

Dahi bəstəkar Qara Qarayev 1969-cu ildə Nizami əsərinin motivləri əsasında “Leyli və Məcnun” simfonik poeması və biraktlı balet yazıb.

Savalan FƏRƏCOV