Bu yazıda hörmətli oxucuları dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Bakıdakı ev-muzeyində qorunub saxlanılan bir neçə rəsm əsərinin tarixçəsi ilə tanış etmək istəyirəm. Bu rəsmlərdən biri bəstəkarın rəssam Musa Xudayarov tərəfindən 1956-cı ildə kətan üzərində yağlı boya ilə çəkilmiş portretidir.

İllərlə muzeydə nümayiş etdirilən, çərçivəsi nəfis inkrustasiya ilə bəzədilmiş bu portret sonralar müəyyən müqavilə ilə müvəqqəti olaraq nümayiş etdirilmək üçün Azərbaycan Milli İncəsənət Muzeyinə təhvil verilmişdi. Bu rəsmin əvəzində isə yenə müvəqqəti olaraq Milli İncəsənət Muzeyindən Üzeyir bəyin ev-muzeyinə onun SSRİ Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən 1943-cü ildə kətan üzərində yağlı boya ilə çəkilmiş portreti daxil olmuşdur. Qeyd etdiyimiz kimi, hər iki portret müvəqqəti nümayiş üçün muzeylər arasında müqaviləyə əsasən dəyişdirilmişdir. Lakin bu ayrılığın ömrü uzun olmuşdur. Nəhayət, 2021-ci ilin sentyabr ayında Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü ərəfəsində sözügedən rəsmlər öz doğma ocaqlarına qaytarıldılar.

Yeri gəlmişkən, oxuculara Mikayıl Abdullayevin çəkdiyi portret haqqında kiçik bir məlumat vermək istəyirəm.

Üzeyir bəyin ev-muzeyinin kitabxanasında “Bəstəkarın xatirəsi” adlı kitab var. 1976-cı ildə nəşr edilmiş kitabın tərtibçisi mərhum musiqişünas alim Əhməd İsazadə, redaktoru unudulmaz bəstəkar Fikrət Əmirovdur. Kitaba Üzeyir Hacıbəylinin müasirləri olmuş görkəmli şəxsiyyətlərin bəstəkar haqqında xatirələri daxil edilmişdir. Burada Mikayıl Abdullayevin də xatirələri var.

Yaşlı nəsil yəqin ki, bu xatirələrlə tanışdır. Vaxtilə Mikayıl Abdullayev Üzeyir bəylə tanışlığı barədə ara-sıra televiziya verilişlərində söhbət açmışdır. Bu yazıda rəssamın həmin xatirələrindən təqdim edəcəyim fraqment gənclər üçün də maraqlı olar. Rəssamın xatirələrindən: “1943-cü ildə C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırılmışdı.

Mən portreti naturadan çəkmək qərarına gəlmişdim. Lakin məlum oldu ki, Üzeyir bəy bu barədə heç nə eşitmək istəmir. Hansı rəssam ondan şəklini çəkməyə razılıq verməsini xahiş edirdisə, rədd cavabı alırdı.

Beləliklə, məsələ böyüdü və gedib çatdı İncəsənət İşləri İdarəsinə. Xeyli danışıq və təbliğatdan sonra Hacıbəyovun bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan hissləri keçirməyə başladım. Təyin edilmiş vaxtdan da bir qədər əvvəl konservatoriyanın köhnə binasına gəldim. Üzeyir kabinetə daxil olanda biz ehtiramla salamlaşdıq. Günahkar adamlar kimi məndən səs çıxmırdı.

O, sağ əlinin baş və şəhadət barmağı ilə bığlarını sığallayaraq dodaqaltı dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir”. Sonra kresloya əyləşdi, əllərini yana açdı və soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab verdim: “Elə bu cür sərbəst”.

Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü. Yalnız kömürün kətan parçasını cızmasının səsi gəlirdi. Otaqdakı sakitliyi Üzeyir bəy özü pozdu: “Deyəsən, iş pis getmir. Mən öz surətimi görməyə başlayıram”.

Düzü, əvvəlcə təəccübləndim, sonra birdən yadıma düşdü ki, kətan çox nazik olduğuna görə işığı arxaya buraxır və orada çəkdiyim cizgilər əks olunur.

Həcm etibarilə çox da böyük olmayan bu portreti üç günə qurtardım və muzeyin tələsdiyinə baxmayaraq, Üzeyir bəyin istəyi ilə ona bağışladım. Mən hiss edirdim ki, Üzeyir Hacıbəyov portreti çox bəyənib...

Tezliklə muzey üçün ikinci, həcm etibarı ilə daha böyük portreti başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd-qırmızı xalçanın fonunda o, əllərinin barmaqlarını bir-birinə keçirib əyləşdi və yavaşca dedi: “İndi də belə oturaq”. Poza mənim çox xoşuma gəldi. Lakin bu portretin də maraqlı bir macərası olmuşdur.

İşimizi təzə qurtarmışdıq. Üzeyir bəyə bir balaca soyuq dəydi. O, iki-üç gün işə çıxmadı. Həmin günlər kabinet bağlı qalmışdı. Arada mən gəlib öz iş ləvazimatımı aparırdım. Elə oldu ki, gedəndə portreti iş masasının arxasındakı stulun üstündə həmin divar xalçasına söykəyib getdim. Vaxtdan istifadə edərək rənglərin qurumasını gözləyirdim. Ertəsi gün Üzeyir bəy konservatoriyanın dəftərxanasına zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq kabinetin açarını xidmətçi qadına verirlər ki, gedib nə isə gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və cəld geri dönüb dəftərxanaya qayıdır, Üzeyir bəyin özünün gəldiyini xəbər verir. Təəccüblənirlər ki, elə şey olmaz. Əvvəla, Üzeyir bəy xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə keçməyib, bu tezliklə də gəlib çatmaq olar? Kimsə tez gedib kabinetə yaxınlaşır. Qapının açar yerindən baxıb görür ki, “doğrudan da, Üzeyir bəy öz yerindədir”. Bu dəfə tədris hissə müdiri özü gedir və kabineti açıb içəri girəndə, öz etirafına görə, əvvəl çaşır, sonra masa arxasındakının Üzeyir bəyin özü yox, onun portreti olduğunu görüb gülməyə başlayır... Bu əhvalatı xeyli vaxt deyib-gülərdilər. Üzeyir bəy isə deyərdi ki, bax, ikinci portret özü müəllifsiz imtahandan çıxdı”.

Rəssamın bu kitabdakı xatirələrinə görə, 1943-cü ildə çəkdiyi ikinci portret sifarişlə Azərbaycan Teatr Muzeyi üçün çəkilməsinə baxmayaraq sonralar Milli İncəsənət Muzeyinə verilmişdir. Üzeyir Hacıbəylinin Ev-Muzeyindəki Musa Xudayarovun çəkdiyi portretlə müvəqqəti dəyişdirilən və sonradan yenə Milli İncəsənət Muzeyinə qaytarılan da bu portretdir. Mikayıl Abdullayev tərəfindən ilk dəfə çəkilib Üzeyir bəyin özünə bağışlanan portret isə öz məğrur, amiranə görkəmi ilə o biri portretlərdən fərqlənir və daim ev-muzeyinin ekspozisiyasını bəzəyir.

Yuxarıda qeyd etdiyimiz kimi, Musa Xudayarovun çəkdiyi, bu günlərdə yenidən doğma evinə dönən portret ayrılıqda gözəl bir sənət əsəri olan çərçivəsi ilə muzeyimizin ekspozisiyasını yenidən zənginləşdirdi.

Sentyabrın 18-də ev-muzeyinə bir rəsm əsəri də hədiyyə edildi. Rəsm əsərini müəllif Yaşar Səmədov özü haqqında yazılmış “Rənglərin simfoniyası” adlı kitabı ilə birlikdə muzeyə bağışladı. “Qarabağ simfoniyası” adlanan bu rəsm əsəri qrafika janrındadır. Ağ-qara rənglərlə çəkilmiş əsərdə rəssam Üzeyir bəyin surətini mərkəzdə təsvir etmişdir. Öndə biz Azərbaycan musiqisinin simvolu olan tar alətini, onun fonunda isə piano klavişlərini görürük. Çoxprizmalı bu rəsmdə müəllif, həmçinin Qarabağın son 30 ildə çəkdiyi ağrı-acıları əks etdirməyə çalışmışdır. Hədiyyə edilən bu rəsm özünə muzeyin dördüncü ekspozisiya zalında yer almışdır.

Muzeyimizə son günlərdə hədiyyə edilmiş iki eksponat ilə qeydlərimi yekunlaşdırmaq istəyirəm. Bunlardan biri “string art” adlı yeni janrda hazırlanmış portretdir. Tətbiqi incəsənət sahəsinə aid olan bu janrda işləyən rəssamlarımız respublikamızda hələ azdır. Müstəvi üzərində müxtəlif iplərlə, saplarla müəyyən obraz, şəkil yaratmağa gənc rəssamlar yeni başlayırlar. Onlardan biri də Rəcəb İsmayılovdur. Gənc rəssam irihəcmli taxta lövhənin üstünə kiçik mıxlar bərkidərək onların üzərində qara saplarla böyük bəstəkarın portretini yaratmağa müvəffəq olmuşdur. Yaxın günlərdə yeni janrda olan bu sənət əsəri də ev-muzeyinin ekspozisiyasında özünə yer alacaq.

Bəhs etmək istədiyim sonuncu hədiyyə isə həvəskar rəssam Rüzgar Əhmədzadənin abstrakt janrında çəkdiyi irihəcmli əsəridir. “Üzeyir bəy – 136” adlanan, müxtəlif rənglərlə işlənmiş bu rəsmə baxarkən hiss olunur ki, bu rəsmin müəllifi çox gəncdir. O, sanki öz əsərində də Üzeyir bəyin gənc obrazını vermək istəmişdir.

Biz hər iki gənc rəssama muzeyə verdikləri bu töhfələrə görə təşəkkür edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.

Beləliklə, əziz oxucu, siz dahi bəstəkarımızın ev-muzeyinə son zamanlarda daxil olmuş rəsm əsərləri ilə tanış oldunuz. Biz isə sizi yeni eksponatlarımızı əyani olaraq seyr etmək üçün muzeyimizə dəvət edirik.

Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri