Söz vaxtına çəkər. Ötən ilin payızı idi, onun da 85 illiyi. Pandemiyanın sərt qadağalı dönəmi, teatr-konsert salonlarının qapıları qıfıllı. Onun yubiley yazısını necə yazacağım ətrafında xeyli götür-qoy edəndən sonra sevincək zəng elədim. Dəstəyin o başındakı həlim, doğma səs də mənim kimi xoşhal idi. Həm yeni yaşını qeyd eləməyin, həm də Ordumuzun ard-arda qazandığı qələbələrin ovqatında səsi gur-gur guruldayırdı.

Xeyli söhbətləşdik. Dünənə boylandı, sevdiyi sənətini, rollarını, teatrlı-tamaşalı günlərini xatırladı, darıxdığı tərəf-müqabillərini yada saldı, yaşamağın gözəlliyindən danışdı.

Sonra məni və yəqin oxucuları da kədərləndirən “Daha çox özüm, o Məcnun üçün darıxıram. Deməli, elə səhnə üçün də darıxıram, tamaşaçılar üçün də darıxıram. Hə, bir də uşaqlarım üçün darıxıram, narahat oluram. Canım ağrıyan kimi tez deyirəm “Yox, Məcnun, belə eləmə. Sən öləcəksən, uşaqların darıxacaq, ağlayacaqlar”. Nə bilim, bəlkə elə ömrümü uzadan budur. Belə düşünən kimi, vallah, elə bil ağrı da qaçır e. Bəs necə? Adamın əsas ruhu sağlam olsun. Yaş ötdükcə adamı fikir bilirsən haralara aparır? Yaxşı olar, hələ sizin ömrünüz qabaqdadır. Yaxşı şeylər görəcəksiz, bizi də yaxşı xatırlayacaqsız” dedi...

Bir il ötdü... Noyabrın 16-da onun ölüm xəbərini aldıq. Kədərləndik, köks ötürdük, ardınca da “Qatarda”kı Fatıdan “Yarımştat”dakı Murtuzadək rollarını, məşhur replikalarını, şuxluğunu itirməyən simasını xatırladıq...

Əməkdar artist Məcnun Hacıbəyov 86 yaşında bu dünyadan köçünü çəkdi. Hələ illər öncə sevimli teatrından qopan, daha çox qoparılan əsl səhnə-sənət adamı ömrünün əsas səhnəsindən – ana təbiətin füsunkar guşəsindən, Qubanın Nüvədi kəndindəki  ocağından əbədi evinə yol aldı.

O, klassik aktyor məktəbinin, bütün çalarları ilə romantik sənət cərəyanının ən maraqlı, sevilən simalarından idi. Hər yeni obrazında bir ayrı oyun üslubu, bir-birini döyməyən, çərçivəyə sığmayan  gedişləri ilə məşhur idi.

İstər teatr, istərsə də televiziya tamaşalarında daha çox ikinci planda oyun sərgiləsə də, ən az baş rol ifaçısı qədər yadda qalmağı bacaran, səhnənin, ekranın uzaq qütbündə də tamaşaçı ilə ani baxış, mimika, jest ilə qalıcı dialoq qura bilən sənətkarlardan idi. Onu fərqləndirən bir xüsus da məsuliyyəti və teatra sadiqliyi idi. Səhnədə də, həyatda da şəxsi prinsiplərini, xarakterinə xas bütövlüyünü, sədaqətini itirmədi.

Yadımdadır, təxminən  5 il öncə bəzi gopçu saytlar onun ölüm xəbərini çıxarmışdı. Həmin vaxt  zəng edən hər kəsə yarızarafat “Yəqin  mənim ölən vaxtım daha gəlib çatıb ...” demişdi. Ardınca da “Aktyoru rolları yaşadır, tamaşaçıları yaşadır. Ölüm onsuz da hamımıza növbə ilə çatacaq” demişdi. Bəli, tamamilə haqlı idi: aktyoru ölməz edən ölməzlik bəxş etdiyi rolları və onları sevərək yaddaşına yazan tamaşaçılarıdır.

Əl-ayağını Bakıdan, teatr, sənət mühitindən çəkib təbiət qoynuna, səssizliyə, təkliyə çəkilən aktyor gördüyünüz kimi, qətiyyən unudulmadı. Əksinə, rollarının işığı, qəhrəmanlarının dillərə köçən sözləri ilə xatırlandı. Özü də bundan ən çox özü xoşbəxt oldu, “Cavanlar yanımdan ötəndə televiziya tamaşalarımdan replikalarımı deyəndə mənə ləzzət edir. Həm yada salınmağıma görə, həm də cavanların köhnə tamaşalara da baxmağına görə” deyirdi.

Xüsusən məşhur “Qatarda” tamaşasında ölməz Yaşar Nuri ilə mükəmməl oyunu, ümumiyyətlə, bütün komik və dramatik çalarları ilə unikal teletamaşanın sevilən Fatısı, romantik “Göz həkimi”nin Əmir kişisi yaddaş kitabçamızda öncüllərdəndir. Bu mənada “Gülüş sanatoriyası”nın Gülüşovu, “Kişilər”in Tumacovu, “Mənim günahım”ın Əlimuradı, “Sarıköynəklə Valehin nağılı”nın Ağabəşiri, ”Yarımştat”ın Murtuzu, “Alov”un usta Əlişi, “Analar”ın Rəhmanı fərqli xarakter və üslublu rollar kimi onun tükənməz istedad və energetikasının ən bariz nümunələri hesab oluna bilər. “Yeni evlənənlər” filmindəki Qurban kişi (yeganə baş rolu) onun lirik, dramatik, komik kimi janr bölgülərinə sığmayan aktyor olmasına örnək idi.

Məcnun Hacıbəyov sənətin seçdiyi, səhnənin istədiyi sevdalı, məcnun, aşiq idi. Sənətə gəlişi də bunun isbatıdır. 1935-ci ilin 5 oktyabrında anadan olub, uşaqlıq dövrü II Cahan savaşına düşüb. Orta məktəbi başa vurub Qubadan paytaxta yol alan gənc Bakıda peşə məktəblərindən birində təhsil almağa başlayır. Buradan onu Sumqayıtdakı zavodlardan birinə işləməyə göndərirlər.

Hələ uşaqlıqdan teatr, səhnəyə vurğun olan və səsi, fərqli ifa tərzi ilə ətrafdakıların diqqətini cəlb edən Məcnun Sumqayıta qastrola gələn Quba Dövlət Teatrının (sonradan fəaliyyətini dayandırıb) tamaşasına baxır və qəti qərarını verir. Yenidən doğma rayonuna qayıdır və həmin teatrda işləməyə başlayır. Bir müddət sonra Quba teatrında tamaşa hazırlayan Tofiq Kazımovun diqqətini cəlb edən M.Hacıbəyov görkəmli rejissorun məsləhəti və təkidi ilə indiki Mədəniyyət və İncəsənət Universitetinə yollanır və qabiliyyət imtahanından uğurla keçərək Aktyorluq fakültəsinin tələbəsi adını qazanır.

Ali təhsilini bitirdikdən sonra taleyini Akademik Milli Dram Teatrı ilə bağlayan aktyor burada bir-birindən fərqli rollar oynayır, o dövr üçün ən yaxşı özünüifadə məkanı olan televiziya tamaşalarına dəvət olunur və beləcə, geniş tamaşaçı auditoriyasının da diqqətini cəlb edə bilir...

Zəhmətsevərliyi, işinə-sənətinə məsuliyyəti və teatra bağlılığı ilə seçilən aktyor 1989-cu ildə respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb. Hər zaman çalışdığı teatrın səhnəsinə sadiq olub və oradan ayrılandan sonra digər teatrların təkliflərinə “yox” deyərək öz həyat monotamaşasını oynayıb-izləmək üçün özü ilə baş-başa qalmağı seçib. Həm də tamaşaçı sevgisi və alqışının xoş təəssüratında...

Həmidə NİZAMİQIZI