Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
“Azərbaycanfilm”dən verilən məlumata görə, film uğursuz rəssamla sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunsürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri Fariz Əhmədovdur. Baş rolları Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov oynayırlar.
Filmin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, bu, rejissor Asif Rüstəmovun ikinci tammetrajlı işidir. Rejissorun “Axınla aşağı” tammetrajlı bədii filminin dünya premyerası 2014-cü ildə “Karlovı Varı” Beynəlxalq Film Festivalının müsabiqə bölümündə baş tutub. Ekran əsəri bir sıra festivallara dəvət alaraq mükafatlara layiq görülüb.