Yaxud “ölüm oyunu”na uduzanlar

 

Ayrı-ayrı vaxt və quruluşlarda bundan əvvəl də iki dövlət teatrında bu müəllifin bu əsərinin tamaşalarına baxıb, münasibətimi bildirmişəm. Matey Vişnek sözçülüyü sevməyən, dramaturgiyanın texnikasını bilən və səhnədə rejissora həll baxımından çox asan manevrlər imkanı verən müəlliflərdəndir. Qısa, real və bir o qədər də cəmiyyətin ağrılarını sadə göstərmək bacarığı da var. İstənilən cəmiyyətdə və tabularda onun gizlətdiyi ideyaların tam əksinin təəssüratını yaradan effektiv  quruluşlar vermək olar və bu mənada kifayət qədər fərqli mövzu və rakurslara dartan əsərləri var. Amma və lakin nədənsə bizim yeni nəsil rejissorlar daha çox “Qoca kloun tələb olunur”un üzərində dayanırlar.

Nəticə olaraq deyim ki, bu günlərdə rumın yazarın  əsərinə dördüncü rejissor yozumunda tamaşa elədim. İkisini birləşdirib yazmağım da ümumi  parafraz sayıla bilər. İndi keçək 6-lığın bölünməsinə. Bunu üç qadın və üç kişinin qalibiyyətsiz döyüşü də saymaq olar.

Nəzakət xatirinə yolu qadınlara verib, keçək Yuğ Dövlət Teatrının “Kloun Z”sinə. Son illərin ən seçkin quruluşçularından Mikayıl Mikayılovun ötən il, hələ pandemiyadan əvvəl məşqlərinə başladığı işi idi. Nəhayət, bu il oktyabrın sonunda baş tutan  premyera rəng, ağ-qara qəlibinin içində rəng vəd edirdi. Çünki feeriya-makabr (ölüm oyunu) janrında hazırlanmış tamaşanın rejissoru Mikayıl Mikayılov, əvvəldən də dediyi kimi, klounada üzərində dayanmışdı. Səhnə işinin quruluşçu rəssamı Umay Həsənovadır. Tamaşada teatrın üç tam fərqli aktrisaları – Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirdilər.

Bu əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar... Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər.

Əsərdəkindən və bu günədək gördüklərimizdən fərqli olaraq, rejissorun səhnə klounları qadınlardır. Əslində, heç biz onların cinsiyyəti, yaxud təsir üsulları üzərində o qədər də dayanmırıq. Rejissorun da istəyi bu deyil. O, bizə məlum həqiqəti bu dəfə zərif çiyinlərdən, ruh və bədən olaraq təpədən-dırnağadək bir amal uğrunda silahlanmış, özü də bir-birinə qarşı silahlanmış caynaqlardan göstərir. Hə, bir az da səhnədə estetika, dinamika, rəng və  qadın harmoniyasını, qoca və kloun olmasına rəğmən bir qadının istənilən qiyafədə şıltaq və gözəl, cazibədar və hiyləgər (vəziyyətə görə) manevrlərini göstərir.

Hər üç qadın öz rənglərində (biçimlərində) tamaşaçıya nə isə deyir. Təbii, ali məqsəd var: lazımsızlıqla mübarizə aparıb böyük mənada həm özünə, həm də başqalarına çürük, amma gerçək həqiqəti isbat etmək. Yəni hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər. Yaxud qapqara zülmətin o üzündəki iynə ucu boyda işıq varsa, bəsdir, qalan bütün rəngləri o sızan zərrədən sezmək olar. Baxır sənin fantaziyana və dünyanı hansı yekəlikdə görməyinə.

İnsafən, hər üç qadın rejissorun təsir dairəsinə həm özlərini, həm də tamaşaçılarını sala bildilər. Müqayisə uğursuz olsa da özlərini də, bizi də asanlıqla aldadıb, axına qarşı getməyin qəhrəmanlıq olduğuna inandırdılar.

Rejissor müəllifin əsərindəki əsas prinsiplərini – səmimiliyi, ifadə vasitələrinin əlvanlığını saxlamışdı. Xarakter olaraq heç bir ideologiyaya, heç bir “izm”lərə yuvarlanmayan müəllifin klounlarını onun istədiyi kimi təqdim etmişdi: özünümühakimədə.

Yuxarıda da dediyim kimi, Vişnekin əsərlərində realizmdən absurd teatr elementlərinə  nə isə tapmaq mümkündür. Müstəqil “Şah Mat” teatrının yaradıcı heyəti də onun bu azadəlik vədindən istifadə edib bizləri “Üstdəki dərinliklər”in burulğanına atdılar.

İkibaşlı olsa da, o burulğandan ən birinci və ən az ziyanla da tamaşaçı çıxdı.

Yarandığı vaxtdan mütəmadi fərqli mövzularda səhnə eksperimentləri edən “Şah Mat” teatrı bu dəfə də cəld tərpənərək pandemiyadan sonra ilk premyera edən (14 oktyabr) müstəqil teatr kimi tamaşaçılarını “Saalam Cinema” səhnəsində bir araya gətirdi. Onlar da “Qoca kloun tələb olunur” deyibən əl-ayağa düşüb, özlərini “Üstdəki dərinliklər”dən “atdılar”.

Bir işverənin (Qara) əzməkdən zövq aldığı üçlük – qoca klounun yerini tutmaq istəyən üç gəncin və onların simasında dünyanı xilasa çalışan işığın (Ağ) üzücü və həyəcanlı mübarizəsində beş qəhrəman var. Onları Anar Bulud, Fərid Vəliyev, Fərid Bağırov, Səid Abbasov və Orxan Abışov canlandırır. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.

Hekayəti bildiyinizdən keçək birbaşa yozuma. İlk olaraq onu deyim ki, oxucusu ilə oynamaqdan zövq alan, əsl həqiqəti sadə, məsum oyun üzərində quran müəllifdən fərqli olaraq rejissor bizi əsl sağ qalmaq üçün çıxarılan iyrənc oyunlarla üz-üzə qoydu. Onun içində hər şey var idi: müharibə, aclıq, səfalət, epidemiya, əxlaqsızlıq, ikili standart, ekoloji fəlakət...

Nəfəs almaq çətinləşir, təsəvvür edirsiz? Hərçənd sırf bu əsəri qurdalayanda N qədər ali məqsəd ortaya səpələnir: sevgi, mübarizə, xoşbəxtlik, əzmkarlıq, inam.  Doğrudur, müəllifin əsərdəki tapşırıqlarını rejissor da rahatlıqla icra etməyə çalışırdı. Tamaşaçısının yaxasından “yapışıb” onu məlum həqiqətlərdən dolayı silkələyir, o ki var “danlayır”, ürəyi istəyən qədər dalana “dirəyir”di. Bu həngamədə yaradıcı gənc kimi yaşadığı cəmiyyətdə, iştirakçısı olduğu prosesdə, teatr adına ağ-qaralar ziqzaqındakı dolanbacları da səhnənin verdiyi imkanlarla göstərirdi.

Hiss olunur, özü də, özünü unudub onunla yol yoldaşı olmağı seçənlər də Vişnekin qoyduğu o dar nəfəsliyi unudublar. Amma bunun günahı nə onlarda, nə də cəmiyyətdədir. Odur e, səhnənin lap mərkəzində asılan qara həqiqətdə, dünyaya hökm oxuyan məxluqatdadır. Bax, məhz bu həqiqətə yaxşı fokuslanıblar.

Tamaşada hər şey var idi və əslində, bizi bu qədər qəddar, bu qədər miskin və bu qədər zəif edən güclərə qarşı heç vaxt birləşməyəcəyimizi bir daha anladıq. Rejissor işi almaq üçün ağzı əmzikli uşaq, nurani qoca, güclü gənc  bölgülərini də elə-belə etməmişdi. Rejissor keçidlərini, müəllifin sətiraltı ideyalarına tapıntılarını da alqışlayıram. Sadəcə və təəssüf ki, klassik teatrın, həm də Vişnekin xilas, ümid qığılcımlarını üfürüb söndürməsini başa düşə bilmirəm. Axı, o da, sən də, biz də anlayırıq ki, hər şey böyük bir oyundur və mütləq Ağ gəlib Qaranın oyunbazlığını pozacaq. Klassik də olsa Xeyir Şərin üzərində mütləq də olmasa ehtimal ki, qələbə çalacaq.

Absurd üslubunda qurulan bu tamaşada aktyor oyunu səmimiyyəti və dinamikası ilə yadda qaldı. Gənc üçlük ağır mətləbləri güclərindən də artıq enerji ilə bir-birlərinə, oradan da tamaşaçılarına ötürdülər.

Həmidə NİZAMİQIZI