Onun adı çəkiləndə təsəvvürdə Azərbaycan ədəbiyyat və mətbuatı ilə bağlı salnamələr yaradan fədakar tədqiqatçı obrazı canlanır. Elmi dərəcə və elmi adı olmayan bu araşdırmaçı bir elmi tədqiqat institutunun işini təkbaşına görüb.

Əməkdar jurnalist, “Qızıl qələm” mükafatçısı Qulam Məmmədli. Bu elm fədaisi ömrünün 60 ilini milli ədəbi irsin, mətbuat tariximizin öyrənilməsinə və nəşrinə həsr edib.

Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli 25 mart 1897-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Anası bir qohumunun dəvəti ilə Bakı şəhərinə gəlir. Burada qısa müddət qaldıqdan sonra Türkmənistanın Aşqabad şəhərinə gedirlər. Qulam Aşqabadda beş il molla məktəbində oxuyur, ərəb, fars dillərini öyrənir. Əmək fəaliyyətinə neft zavodunda fəhlə kimi başlayır. Sonra qəzetdə mürəttib (hərf düzən, yığıcı) işləyir. Qəzetdə işləməsi onda ədəbiyyata dərin maraq yaradır. Beləliklə, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Cəlil, H.Cavid, C.Cabbarlının yaradıcılıqları ilə tanış olur. Bakıda nəşr olunan “Molla Nəsrəddin”, “Məktəb”, “Babayi-Əmir”, “Tuti” jurnallarını oxuyur. Hətta bu mətbuat orqanlarında yazılarla çıxış edir.

1916-cı ildə “Ölülər” pyesinin Aşqabadda tamaşaya qoyulması məqsədilə müəllif Cəlil Məmmədquluzadə və Əliqulu Qəmküsar Türkmənistana gedirlər. Qulam Məmmədli görkəmli ədiblərlə görüşür və məşhur əsərin tamaşaya  hazırlanmasında yaxından iştirak edir.

Q.Məmmədli 1923-cü ildə Bakıya gəlir və həmin il “Kommunist” qəzetində mürəttib kimi işə düzəlir. Daha sonra “Molla Nəsrəddin” jurnalında işə başlayır.

O, eyni zamanda 1924-cü ildə Bakı Teatr Məktəbinə qəbul olunur. Burada Fatma Qədri, Sultan Fikrət, Musa Hacızadə, Hacıməmməd Qafqazlı, Cəfər Cabbarlı ilə tanış olur, yaradıcılıq əlaqələri qurur. 1926-cı ildə nəşrə başlayan “Çapçı gözü” çoxtirajlı qəzetində də işləyir. Sonralar Q.Məmmədli “Kommunist”də ədəbi işçi, şöbə müdiri, “Kəndli qəzeti”ndə redaktor müavini, daha sonra “Azərbaycan kolxozçusu”, “Yeni yol” qəzetlərinin redaktoru olur. İkinci Dünya müharibəsi zamanı jurnalistik fəaliyyətini Təbrizdə nəşr olunan “Vətən yolunda” adlı ordu qəzetində ədəbi işçi kimi davam etdirir.

Araşdırmalarda qeyd edilir ki, görkəmli rus yazıçısı Maksim Qorki 1934-cü ildə Bakıya gəlir. Q.Məmmədli də bu ədiblə görüşür. Bu görüş onun yaddaşında dərin iz buraxır. M.Qorki Q.Məmmədlini “xalq sərvətinin bilicisi, Azərbaycan mətbuatının yanar ürəyi” adlandırır.

Bu illərdə Q.Məmmədli mətbu fəaliyyətlə yanaşı, ədəbi mühitdə az tanınan klassik yazıçı və şairlərimizin yaradıcılığı ilə bağlı araşdırmalar aparır. Mirzə Məhəmməd Naxçıvani ilə dostluq əlaqələri qurur. Onun kitabxanasından istifadə edərək Mirzə Əli Möcüz və Heyran Xanımın “Seçilmiş əsərləri”, “Bəxtiyarnamə” adlı kitablarını hazırlayır və Təbrizdə çap etdirir. Daha sonra “İran Azərbaycanının müasir şairləri”, “Səttarxan” şeirlər toplusu , “Xiyabani”, “Cənubi Azərbaycan şairləri” antologiyası, “Atmacalar”, “Əliağa Vahid. Seçilmiş əsərləri” onun tərtibçiliyi ilə nəşr olunur. Bununla tədqiqatçı neçə-neçə söz, fikir adamının ömür və sənət yoluna işıq tutur.

Q.Məmmədli Bakı kinostudiyasında Ssenari şöbəsinin müdiri, 1947-ci ildən “Kommunist” qəzetində şöbə müdiri, 1952-ci ildən “Kirpi” jurnalında məsul katib, baş redaktor vəzifələrində çalışır. 1959-cu ildə təqaüdə çıxır. İkiillik fasilədən sonra indiki AMEA-nın Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində elmi məsələlər üzrə direktor müavini işləyir.

Q.Məmmədli böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin 100 illik yubileyi münasibətilə 1966-cı ildə “Molla Nəsrəddin” (salnamə) kitabını çap etdirir. Bununla da Azərbaycan salnaməçilik məktəbinin bünövrəsini qoyur. O daha sonra “Hüseyn Ərəblinski”, “Cahangir Zeynalov”, “Abbas Mirzə Şərifzadə”, “Üzeyir Hacıbəyov”, “Cavid – ömrü boyu”, “Nəriman Nərimanov” və başqa kitab – salnamələri çap etdirir. Onun ən diqqətəlayiq işləri arasında milli teatr tariximizlə bağlı araşdırmalarının məcmusu olan iki hissədən ibarət “Azərbaycan teatrının salnaməsi”nin (I hissə 1974, II hissə 1983) məxsusi yeri var. Bu gün milli teatrımızın inkişaf mərhələlərini izləmək üçün bu dəyərli tədqiqat əsərləri əvəzsiz mənbədir.

Azərbaycan ədəbiyyat və mədəniyyətinin öyrənilməsində xidmətləri yüksək qiymətləndirilən ziyalı “Əməkdar mədəniyyət işçisi” (1977) və “Əməkdar jurnalist” (1984) fəxri adlarına layiq görülüb. Müxtəlif ictimai vəzifələrin də öhdəsindən layiqincə gələn Q.Məmmədli Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü olub.

Teatr və mətbuat tariximizin yorulmaz tədqiqatçısı, tanınmış mətnşünas, ensiklopedik bilik sahibi Qulam Məmmədli 18 noyabr 1994-cü ildə, 97 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Savalan FƏRƏCOV