Vətən naminə, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızı tanıtmaqda davam edirik. Bu dəfə Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Mikayıl Miğfər oğlu Mikayıllı haqqında söz açacağıq.
Mikayıl Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. Kənddəki F.Həmidov adına orta məktəbdə təhsil alıb. Yeniyetmə yaşlarından idmanın yüngül atletika növünə maraq göstərib. Bu sahədə göstərdiyi fəallıqlara görə fəxri fərmanlar da alıb.
2009-cu ildə Mikayılın atası dünyasını dəyişir və ailənin yükü onun çiyinlərinə düşür. Anasının istəyi ilə ali məktəbə hazırlaşsa da, öz istəyi hərbçi olmaq idi. Ali məktəbə daxil olur, amma təhsilini davam etdirmir. 2011-ci ildə hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan üç ay sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən ordu sıralarına qayıdır. Bir neçə il Silahlı Qüvvələrin sülhməramlı kontingentində çavuş, baş çavuş rütbələrində xidmət edir. Xidməti ilə əlaqədar Bolqarıstan, Ukrayna, Türkiyə və başqa ölkələrdə kurslara qatılır. 2014-cü ilin mayında NATO-da keçirilən kurslarda 100 nəfər içərisindən 4 nəfər xüsusi peşəkar seçilir ki, bunlardan biri də Mikayıl olub. Həmin ildən Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmətini davam etdirib.
2016-cı il Aprel döyüşlərində iştirak edən Mikayıl ayağından yaralanır. Lakin Vətənə sevgisi, düşməndən qisas almaq istəyi onu yenidən ordu sıralarına qayıtmağa sövq edir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Mikayıl da ön cəbhədə idi. Sentyabrın 30-na keçən gecə Mikayıl kəşfiyyat-diversiya qrupunun rəhbəri kimi əməliyyat planı hazırlayıb həyata keçirir. Bir neçəsi yüksək rütbəli zabit olmaqla xeyli sayda erməni hərbçisi məhv edilir. Həmin gün Murovdağ-Kəlbəcər istiqamətində düşmənin artilleriya zərbəsinə tuş gəlir və şəhidlik zirvəsinə yüksəlir.
Anası İradə Mikayılova qeyd edir ki, Mikayılın nə Aprel döyüşlərində, nə də Vətən müharibəsində iştirak etməsindən xəbərləri olub: “Aprel döyüşlərində yaralandığını belə məndən gizlətmişdi. O, çox düşüncəli övlad idi. Heç bir zaman onun üçün üzülməyimizi, nigaran qalmağımızı istəməzdi. Vətənini, xalqının qeyrətini daim hər şeydən üstün gördü. Övlad itkisi nə qədər ağır olsa da, mən onun ucaldığı müqəddəs zirvəylə fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qardaşı Samir Mikayıllı söyləyir ki, Mikayıl ona həm də dost, sirdaş olub: “Hərb sahəsini seçəndən bəri evə çox az gələ bilirdi. O, hər hərəkəti, verdiyi qərarları, seçdiyi yol ilə həmişə mənə nümunə olub. Mən qardaşımla, qazandığı şərəfli adla fəxr edirəm. Hər zaman onun adını, göstərdiyi igidlikləri tanıtmağa çalışacağam”.
M.Mikayıllı oktyabrın 1-də doğulduğu Mıxlıqovaq kəndində atasının məzarı yanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Müdafiə Nazirliyinin “Şücaətə görə” medalına da layiq görülüb.
Ruhu şad olsun.
NURƏDDİN