Nursultan Nazarbayev haqqında film Bakıda təqdim olunub
Bakıdakı Nizami Kino Mərkəzində Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunmuş “Qazax. Qızıl adamın tarixi” (“Qazaq. History of Golden Man”) filmi təqdim olunub.
Filmin müəlliflərindən biri tanınmış amerikalı rejissor, üç dəfə “Oskar” mükafatı laureatı Oliver Stoundur. Sənədli ekran əsərinin baş rejissoru İqor Lopatonok, prodüseri Vera Tomilova təqdimatla əlaqədar Bakıya gəliblər.
Çəkilişlərə ötən il başlandığını deyən rejissor İ.Lopatonok qeyd edib ki, film ilk dəfə bu il iyulun 6-da Nazarbayevin doğum günündə Qazaxıstanda nümayiş olunub. Sonrakı təqdimatlar Moskvada, Los-Ancelesdə və Romada keçirilib. Gələn il isə ekran əsəri Berlin Film Festivalında nümayiş olunacaq.
“Bakıdan sonra biz filmi Minskdə “Listopad” kinofestivalına çıxaracağıq. Sonra isə bir neçə ölkədə – Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Çində və Almaniyada auditoriyaya təqdim edəcəyik. Filmdə izləyici Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, Qazaxıstanın tarixi, mədəniyyəti haqqında dolğun məlumat ala biləcək”, – deyə o bildirib.