UNESCO Baş Konfransının noyabrın 9-dan Parisdə, təşkilatın qərargahında davam edən 41-ci sessiyası noyabrın 24-də başa çatır.

Sessiya çərçivəsində Odre Azulenin yenidən qurumun UNESCO-nun Baş direktoru seçilməsi münasibətilə tədbir keçirilib.

UNESCO II seçki qrupunun adından Azərbaycanın qurum yanındakı daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edib. Daimi nümayəndə Odre Azuleni təbrik edib və ikinci mandatı dövründə ona uğurlar arzulayıb. O, üzv ölkələr tərəfindən tam dəstəklənən strateji transformasiyanın qurumun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə ən yaxşı yanaşmanı təqdim etmək əzminin göstəricisi olduğunu bildirib.

UNESCO-nun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrə toxunan daimi nümayəndə təhsilin insanlara nifrət və dözümsüzlükdən uzaq qlobal vətəndaşlar kimi yaşamağa kömək etdiyini vurğulayıb.

Bildirilib ki, üzv dövlətlər mədəni irsin təşviqi, mədəniyyətlərin bərabər qanunauyğunluğunun təmin edilməsi və əməkdaşlıq platforması kimi elmi proqramların təşviq edilməsi yolu ilə millətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində UNESCO-nun səylərini dəstəkləyir. “UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlıq vasitəsilə sülh axtarışında rolunu yüksək qiymətləndiririk. II Qrupun sədri kimi onun üzvlərinin UNESCO-nun fəaliyyətinin bütün sahələrində böyük nailiyyətlər əldə etmələri, onun müxtəlif orqanlarında, o cümlədən İcraiyyə Şurası və yardımçı orqanlarda fəal iştirakı, habelə hökumətlərarası komissiyaların işinə verdiyi töhfə ilə fəxr edirəm. Bu qlobal UNESCO ailəsinin bir hissəsi olaraq təşkilatımızın mandatını tam şəkildə həyata keçirmək üçün dəstəkləmişik və həmişə dəstəkləyəcəyik”, - deyə E.Abdullayev vurğulayıb.

UNESCO-nun digər seçki qruplarının sədrləri də çıxış ediblər. Tədbir İraq Daimi Nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.

***

Xatırladaq ki, noyabrın 17-də sessiya çərçivəsində UNESCO İcraiyyə Şurasına seçkilər keçirilib. Azərbaycan II seçki qrupundan (Şərqi Avropa ölkələri) növbəti dörd il müddətinə qurumun ali icra orqanına üzv seçilib.

Sessiya çərçivəsində 17-19 noyabr tarixində Mədəniyyət Komissiyasının iclası da keçirilib. Mədəniyyət Komissiyasının ilk iclası keçirilir. UNESCO-nun üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların təmsil olunduğu komissiyanın iclasına Azərbaycan sədrlik edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik etdiyi iclasda 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, qanunsuz olaraq ölkədən çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı Hökumətlərarası Komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, Dünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı və digər məsələlərlə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

İclasın Azərbaycanın sədrliyi ilə keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və çoxtərəfli əməkdaşlıq proseslərində fəal mövqeyinin göstəricisidir.

Vasif Eyvazzadə Azərbaycan Prezidentinin “Bakı Prosesi” təşəbbüsü, Dünya Mədəniyyətlərarası Dialoq Forumu və ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” qlobal kampaniyası ilə bağlı UNESCO rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və mübadilələr, sülh və mədəniyyətin qarşılıqlı təbliği, irqçilik və ekstremizmə qarşı mübarizə sahələrində Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.