19-23 noyabr tarixində Nizami Kino Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekun vuruldu.

“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşdı. Festivala Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council” dəstək verib. Festivalın media dəstəkçiləri arasında “Mədəniyyət” qəzeti də var.

Noyabrın 23-də Nizami Kino Mərkəzində festivalın mükafatlandırma və bağlanış mərasimi keçirildi.

Festivalın beynəlxalq müsabiqə proqramı üzrə münsiflər heyətinin üzvü Erdem Tepegöz (Türkiyə) çıxış edərək bir-birindən maraqlı filmləri seyr etməkdən məmnunluğunu bildirdi.

BBQFF-nin direktoru, “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək bildirdi ki, 5 aya yaxın hazırlığı davam etmiş festivalın uğurla keçdiyini bildirdi: “Artıq üçüncü ildir ki, festival böyük formatda keçirilir. Bütün tamaşaçılara, münsiflərə və iştirakçılara təşəkkür edirəm”.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirdi ki, nazirlik gələcəkdə də festivala dəstəyini əsirgəməyəcək. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan şöbə müdiri dedi ki, kino mədəniyyətin vacib sahələrindən biridir: “Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik”.

Sonra festivalın beynəlxalq müsabiqə və yerli müsabiqə üzrə müxtəlif nominasiyalarda “Qızıl nar” mükafatlarının qalibləri elan edildi.

Qeyd edək ki, beynəlxalq müsabiqə proqramının qalibləri pandemiya səbəbindən mükafatlandırmaya qatılmamışdı.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər mükafatlandırıldı. Diplom və mükafatları festivalın münsiflər heyəti təqdim etdi.

Xatırladaq ki, BBQFF bu il Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl nar” mükafatını da təsis edib. İlk mükafat festivalın açılış mərasimində Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, prodüser Hüseyn Mehdiyevə təqdim edilmişdi.

Festivalın beynəlxalq proqramına 18 ölkədən 30 film, yerli proqrama isə 26 ekran işi daxil edilmişdi. Filmlər beş gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunub. Festivalda, həmçinin “British Council” ilə əməkdaşlıq nəticəsində Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film müsabiqədənkənar yerli tamaşaçılara təqdim olunub.

Beynəlxalq müsabiqə proqramında yarışan qısa filmləri yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının (Serbiya) proqram direktoru, kinoprodüser Miroslav Moqoroviç və türkiyəli rejissor, ssenarist Erdem Tepegözdən ibarət münsiflər qiymətləndirib. Yerli müsabiqənin münsiflər heyətində şair, tərcüməçi Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alıb.

 

Festivalın qalibləri

 

Beynəlxalq müsabiqə

“Münsiflər heyətinin xüsusi seçimi” – “Kuku” bədii filmi. Rejissor Svetlana Belorusova (Rusiya)
“Münsiflər heyətinin xüsusi mükafatı” – “Ruhun ruhu” sənədli filmi. Rejissor Hoze Martinez, Culieta Gəzrok (İspaniya)
“Ən yaxşı animasiya filmi rejissoru” – Mahsa Samani. “Habub” animasiya filmi (İran)
“Ən yaxşı animasiya filmi” - “Pərdəarxası” . Rejissor Vu Yen Şenq (Tayvan)
“Ən yaxşı sənədli film rejissoru” - Viyet Vu. “Əbədi bahar” filmi (Vyetnam)
“Ən yaxşı sənədli film” - “4000 səs”. Rejissor Kuiş Səccad (İraq)
“Ən yaxşı bədii film rejissoru” - Heydər Taştan. “Çingiz” filmi (Türkiyə)
“Ən yaxşı bədii film”. “Daliya”. Rejissor Brusi Olason (İslandiya)


Yerli müsabiqə


“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu – “28 may” bədii filmi – rejissor Elvin Əhmədoğlu.

“Ən yaxşı prodüser” – “Arzu” filmi – prodüser Rüfət Əlizadə.


“Münsiflər heyətinin diplomu”:

“Mən Gəncəyəm” sənədli filmi – rejissor Ramil Ağasıyev.

“Mənim ailəm” sənədli filmi – rejissor Afaq Yusifli.

“Bir ovuc yumor və cansıxıcı kədər” sənədli filmi – Lalə Əliyeva.

“Xocalı nişanəsi” sosial çarxı – rejissor Elçin Elxanlı.


“Münsiflər heyətinin xüsusi mükafatı”:

“Artıq” bədii filmi – rejissor Fərid Hüseynov.

“+65” animasiya filmi – rejissor Sevinc Quliyeva.


“Ən yaxşı ssenari”:

“Qaldırın yelkənləri” bədii filmi – rejissor Səbinə Haqverdiyeva.


“Ən yaxşı sosial çarx”:

“Korona – incəsənətə yardım” – rejissor Cavid Səmədov.


“Ən yaxşı sənədli film”:

“Papanin” – rejissor Türkan Hüseynova.

L.AZƏRİ