Ötən əsrin 30-cu illərinin repressiyasına məruz qalan Azərbaycan ədəbiyyatşünaslarından biri də Əli Nazim (1906–1941) olub. Alimi anadan olmasının 115 illiyi ilə əlaqədar yada saldıq.
Mahmudzadə Ələkbər Mahmud oğlu (Əli Nazim) 24 noyabr 1906-cı ildə Təbriz şəhərində dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alıb. Fars dilini mükəmməl öyrənib, poeziyaya maraq göstərib. 1916-cı ildən ailəsi ilə Batumidə yaşayıb, orada rus dilini öyrənmək üçün böyük səy göstərib. 1922-ci ildə Səməd Ağamalıoğlunun Batumidə təşkil etdiyi yeni əlifba komitəsinə üzv yazılıb. İlk məqalə və şeirləri Batumidə çıxan “İştirak” qəzetində dərc olunub. Bir müddət sonra Bakıya köçüb.
Əli Nazim 1922-ci ildə Pedaqoji Texnikuma daxil olur. Tələbə ikən “Yeni yol” və “Kommunist” qəzetlərində məqalələr dərc etdirir. Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərinə gedərək orada Şərqşünaslıq İnstitutuna qəbul olur. Məşhur sovet şərqşünasları akademik A.N.Samoyloviç və professor Y.Bertelsin tələbəsi olur. Eyni zamanda ədəbi tənqidlə maraqlanır, sovet ədəbiyyatının aktual problemləri ilə bağlı məqalələr yazır. Məqalələrində sosialist çevrilişi ilə ölkədə baş verən ictimai-siyasi və mədəni dəyişiklikləri alqışlayır.
Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilir. Türkiyə mətbuatında müasir Azərbaycan ədəbiyyatı haqqında məqaləsi dərc olunur. Ezamiyyətdən qayıdandan sonra Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olur. Aspiranturanı müvəffəqiyyətlə başa vurduqdan sonra akademiyada qalır və SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi işində çalışır. Kommunist Partiyası sıralarına daxil olur.
30-cu illərin əvvəllərində Ə.Nazim Bakıya qayıdır. Azərbaycan Elmi-Tədqiqat İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışır. Ədəbiyyat nəzəriyyəsi, poetika, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirə və seminarlar aparır. Azərbaycan Sovet Yazıçıları İttifaqı üzvlüyünə qəbul olur. Rus dilində nəşr olunan “Ədəbiyyat ensiklopediyası”nda şöbə redaktoru kimi fəaliyyət göstərir. Mətbuatda Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirir.
Əli Nazimin xüsusi diqqət yetirdiyi məsələlər yeni ədəbiyyatın yaradıcılıq siması, ədəbiyyatda ideyalılıq problemləri olur. “Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması”, “Mədəni inqilab və mədəni irs məsələsi”, “Çığırdaşlarımız haqqında”, “Yeni Azərbaycan ədəbiyyatı” və s. məqalələri bu mövzulara həsr edilib. “Azərbaycan ədəbiyyatı”, “Xırda burjua ziyalılığı proletar ədəbiyyatı pərdəsi altında” məqalələri Moskva jurnallarında dərc olunur. 1933-cü ildə “Marks və Engelsin estetik görüşləri haqqında” məqaləsi Azərbaycanda bu sahədə ilk təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Tədqiqatçı Əli Şamil araşdırmasında qeyd edir ki, Ə.Nazimin yaradıcılıq yoluna maraq göstərdiyi yazıçılardan biri Cəfər Cabbarlı olub. Eyni zamanda dünya və SSRİ xalqları ədəbiyyatları, Firdovsi, Nəvai, Xəyyam, Höte haqqında məqalələr yazıb. Tənqidçi alim Mirzə Cəlil yaradıcılığını da geniş təhlil edib, “Molla Nəsrəddin”, “Cəlil Məmmədquluzadə və yaradıcılığı”, “Molla Nəsrəddin haqqında bir neçə söz” və s. məqalələri bu qəbildəndir. Məqalə və çıxışlarında türk şairi Nazim Hikmətin adını ilhamla çəkib, yaradıcılığına nəzər yetirib.
Dövrünün tanınmış ədəbi tənqidçisi olan Əli Nazim yaradıcılığının və elmi fəaliyyətinin coşqun vaxtlarında repressiya dalğasına tuş gəlir. 1937-ci ildə həbs olunur. 23 avqust 1941-ci ildə həbsxanada vəfat edir...
Savalan FƏRƏCOV