30 ilə yaxın düşmən tapdağında qalan əzəli yurd yerlərimizi cəmi 44 gündə ildırımsürətli hərbi əməliyyatla azad edən Ordu ilə, onun hər bir əsgəri ilə yalnız qürur duymaq olar. Qanları, canları bahasına xalqımıza Qələbə ruhu bəxş edənləri unutmamalıyıq. Çünki igid Vətən oğulları öz canlarından, ailələrindən, doğmalarından öncə Ana yurdu düşündülər. Himnimizin sözlərində qeyd olunduğu kimi, torpaqlarımızın azadlığı uğrunda “Minlərlə can qurban oldu...”. Bu yazıda Vətən müharibəsində canından keçən şəhid çavuş Yalçın Cavadov haqqında söz açacağıq.

Yalçın Aydın oğlu Cavadov 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. İlk təhsilini A.Alxanov adına qəsəbə tam orta məktəbində alıb. 2003-cü ildə orta məktəbi bitirərək Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib.

Yalçın 2020-ci ilin 27 sentyabrında başlanan haqq savaşımızda ön cəbhədə yerini alır. Çünki o da digər hərbçi yoldaşları kimi torpaqlarımızı düşməndən azad etmək üçün çoxdan bu anı gözləyirdi. Yalçın da düşmənin keçilməz hesab etdiyi müdafiə səddinin yarılmasında fədakarlıq göstərir. Bir sıra yaşayış məntəqələrimizin azad olunmasında iştirak edir. Vətəni bütöv görmək eşqi ilə qanlı döyüşlərdən keçən Yalçın Cavadov oktyabrın 9-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalır.

Komandiri Yalçınla bağlı xatirəsini danışarkən deyir: “Döyüşlərin qızğın yerində yaralandım. Neytral ərazidə qalmışdım. Yalçın qəhrəmancasına öz həyatını riskə atıb məni düşməndən xilas etdi, özü isə şəhid oldu”.

Anası Zərifə Cavadova oğul itkisinin ağrı-acısını ürəyinə yük etsə də, şəhid anası olmağı ilə fəxr edir: “Çox şükür ki, torpaqlarımız işğaldan azad edildi. Bütün şəhidlərimizin qisası alındı. Artıq yurdlarından, el-obalarından uzaq düşənlər ata-baba ocaqlarına qayıdacaqlar. Yurd ağrısı çox çətindir. Mən bilirəm bu illərdə məcburi köçkünlər nələr çəkiblər”.

Şəhidin qardaşı Elçin Cavadov qeyd edir ki, Yalçın Vətən müharibəsində böyük şücaət göstərib: “Cəbrayıl, Füzuli uğrunda qəhrəmancasına döyüşürdü. Hər dəfə yeni kənd, qəsəbə, yüksəkliklər azad ediləndə evə zəng vuraraq öz sevincini bölüşürdü. Deyərdi ki, ay qardaş, mənimlə fəxr edə bilərsiniz! Şanlı bayrağımızı azad etdiyimiz torpaqlarımıza sancırıq”.

Həyat yoldaşı Radə Cavadova Yalçınla 2006-cı ildə ailə həyatı qurduqlarını bildirir: “Zərifə, Aqil və Yaqub adlı övladlarımız yadigar qalıb. Onları Yalçının adına layiq, vətənpərvər böyüdəcəyəm. Çalışacağam ki, onlar ağıllı, bilikli, bir sözlə, nümunəvi olsunlar. İnanıram ki, o zaman Yalçının da ruhu şad olacaq”.

Yalçın Cavadov oktyabrın 30-da Şamaxı şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

NURƏDDİN