2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Romanın “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyi qeyd olunub.

Xatırladaq ki, 2012-ci ildə “Villa Borghese” parkında Heydər Əliyev Fondunun dəstəyi ilə Nizaminin abidəsi ucaldılıb. Abidə Azərbaycanla İtaliya arasında mədəniyyət sahəsində intensiv əməkdaşlıq da daxil olmaqla sıx dostluq əlaqələrinin təcəssümüdür.

Yubiley tədbirinin iştirakçıları Nizaminin abidəsini ziyarət ediblər.

Sonra “Villa Borghese” parkında yerləşən “Casa del Cinema” kinoteatrında bədii-musiqili tədbir keçirilib. Tədbirə Roma Şəhər Meriyasının Mədəniyyət İdarəsi, “Casa del Cinema” kino evi, habelə “Zetema Progetto Cultura”, “Villa Borghese”, “Luce Cinecittà”, “Rai Cinema”, “01 Rai Cinema SpA” kimi mədəniyyət qurumları da təşkilati dəstək göstərib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti və türkoloq, islamşünaslıq elmləri doktoru Federiko De Renzi çıxış ediblər.

Natiqlər dünya şöhrətli mütəfəkkir Nizami Gəncəvinin irsindən bəhs edərək onun XII əsrdə aparıcı mədəniyyət mərkəzlərindən olan Azərbaycanın Gəncə şəhərində yaşayıb-yaratdığını, Şərqin fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti inciləri ərsəyə gətirdiyini vurğulayıblar. Bildirilib ki, Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şairin çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyduğu, Nizami Gəncəvinin əsərlərinin dünyanın məşhur kitabxana və muzeylərini bəzədiyi və Şərq miniatür sənətinin inkişafına təkan verdiyi diqqətə çatdırılıb.

Çıxışlarda Gəncədən bəhs edilərkən ötən ilin payızında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhərdə yaşayış məntəqələrində böyük dağıntılara və çoxsaylı mülki əhalinin tələfatına səbəb olan dəhşətli hücumları da xatırlanıb.

Tədbirdə “Sandro Teti Editore” tərəfindən nəşr olunmuş şərqşünas-alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (“Il Grande Poeta Azerbaigiano Nizami Ganjavi”) kitabının italyan dilinə ilk akademik tərcüməsi də təqdim olunub.

Yubiley tədbiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında 1982-ci ildə “Azərbaycanfilm” Kinostudiyası tərəfindən çəkilmiş, musiqisi Qara Qarayevə məxsus “Yeddi gözəl” film-baletinin nümayişi ilə davam edib. Nizami Gəncəvinin məşhur poemasının möhtəşəm musiqi dili və valehedici balet səhnələri ilə təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir İtaliya kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Səfir Məmməd Əhmədzadə tədbirə qatılan media nümayəndələrinə müsahibələr verib. Diplomat dahi Azərbaycan şairinin yubiley tədbirinin əhəmiyyəti barədə danışmaqla yanaşı, 8 noyabrda Zəfər Günü münasibətilə Romada keçirilmiş “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” tədbirinin əhəmiyyəti haqqında söz açıb.

Nizami Gəncəvinin yubiley tədbiri haqqında reportajlar, dahi şairin irsinə dair məqalələr, səfir M.Əhmədzadənin müsahibələri yerli televiziya, xəbər agentlikləri, qəzetlər və portallarda yayılıb.