Elmi-praktiki konfrans


Noyabrın 24-də Dövlət Teatr Muzeyində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Milli geyim əsrlərin mirası kimi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova tədbirin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif formaları, bədii bəzək naxışlarının qorunaraq nəsildən-nəslə düzgün ötürülməsi və Azərbaycan maddi-mədəni dəyərlərinin təbliğində milli geyimlərin aktuallığının nəzərə çatdırılmasıdır. Bildirib ki, muzeydə tamaşalar üçün hazırlanan geyim eskizləri qorunub saxlanılır: “Hər bir xalqın həyat tərzi, yaşayışı onların geyimlərində də özünü göstərib. Bizim də milli geyimlərimizdə müxtəlif həyat tərzinə, yaşamına, döyüş ruhuna və köçəri həyat tərzinə uyğun geyimlər var”.

Konfransda tədqiqatçı alimlər milli geyimlərin əhəmiyyətindən söhbət açıblar. “Şərqi Zəngəzurun geyim mədəniyyəti”, “Qloballaşma və milli geyimlər”, “Azərbaycan corabları”, “Azərbaycan milli geyimlərinin tarixi formaları, etimologiyası və semantikası”, “Ənənəvi geyimlərin müasir modada interpretasiyası”, “Azərbaycan geyim mədəniyyətində basmaçılıq” və “Modada üslublar və dövrlər” adlı məruzələr maraqla qarşılanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri doktoru Solmaz Məhərrəmova, Rəssamlıq Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Sabira Dünyamalıyeva, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodistləri Məhbubə Əbilova və Leyla Qılıcovanın mövzu ilə bağlı geniş təqdimatları dinlənilib.

Regionlarda fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələrinin əməkdaşları tədbirə “Zoom” proqramı vasitəsilə qoşularaq məruzə ətrafında öz fikirlərini bildiriblər.

Sonra mədəniyyət könülləri tərəfindən milli geyimlərin təqdimatı olub.

Konfransa V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin “Aysel” rəqs qrupunun ifası ilə yekun vurulub.