Yaxud itən izin ardınca


Bu səfəri çoxdan gözləyirdim. Hər dəfə də təsəvvürümü işə salıb, xəyalən oralara azı min dəfə gedib-gəlirdim...

Bu günlərdə telefonuma Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovdan zəng gəldi. Ağdam Dövlət Dram Teatrı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində ora səfər edib, tamaşa nümayiş etdirəcəklərini dedi. Düzü, bu, o qədər də diqqətimi cəlb etmədi və uğurlar arzulayıb sağollaşanda “Tamaşadan sonra da işğaldan azad olunmuş torpaqlara – Ağdama səfər edəcəyik” dedi. Sevincimdən Allah bilir, göyün neçənci qatına qalxdım...


Bayatı kimi həzin


Bakıdan günəşin parça-parça buludlar arasından boylandığı vaxtda – sübh tezdən çıxdıq. Yol uzunu həyəcanla ətrafa boylanır, rayonları, kənd və qəsəbələri ötdükcə ürəyimin daha bərk döyündüyünü hiss edirdim. Elə bil günəş də mənim kimi sevincək idi. İnadla buludları yarır, daha gur parıldamağa çalışırdı. Yol boyu vətənpərvərlik, Zəfər ruhlu şüarları, yanımızdan şütüyən hərbi təyinatlı nəqliyyat vasitələrini gördükcə adamın ruhuna qəribə bir rahatlıq çökürdü. Ən yaxın tarixə boylanıb, xalq olaraq keçirdiyimiz hissləri, həyəcan və sevincləri xatırlayır, o günlərin qəhrəmanlarını, tanıyıb-tanımadığım fədakarlarını dönə-dönə minnətdarlıq və ehtiramla yad edirdim.

Budur, yol bitdi və biz müvəqqəti olaraq rayonun Quzanlı qəsəbəsində yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının binası (Mədəniyyət Sarayı) qarşısında dayandıq.

Teatr, tamaşa sorağına bizdən öncə toplaşan yerli sənətsevərlər artıq burada idilər. Kimisi qonaqları müşahidə edir, kimisi də tamaşa salonunda yerini tutub, nəzərlərini səhnəyə dikib gözləyirdi.

Düzü, bu qədər qələbəliyi, çöldəki günəşin bəxş etdiyi istiliyi qoyub nisbətən soyuq tamaşa salonunda həvəslə toplaşan teatrsevərləri ürəyimdə alqışladım. Böyük salon tamamən dolmuşdu. Hiss olunur, onlar da teatr üçün darıxıblar. Bu, bir az da başqa, qonaq, fərqli oyun-üslublara tamaşa etmək istəyindən irəli gəlirdi.

Tamaşadan öncə səhnəyə hər iki teatrın direktoru qalxdı. Qonaqlara xoş gəldiniz deyən Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov onları Qarabağ torpağında görməkdən məmnun olduqlarını dedi.

Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğulları ehtiramla yad edildi, Ali Baş Komandanın rəhbərliyi ilə bizə tarixi Zəfəri yaşadan müzəffər Ordumuza minnətdarlıq ifadə olundu.

Teatr rəhbəri sənət ocaqlarının qarşılıqlı səfərlərinin, əməkdaşlıq çərçivəsində layihələrinin əhəmiyyətini vurğuladı. Qocaman səhnə ocağı olan Lənkəran teatrı ilə əməkdaşlıqdan razı qaldığını dilə gətirdi.

Ağdamlı teatrsevərlərin diqqət və marağından məmnunluq ifadə edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov da öz növbəsində qonaqpərvərliyə və xoş münasibətə görə ev sahibi kollektivə və teatrsevərlərə təşəkkür etdi. Zəngin tarixi olan Lənkəran teatrının keçmişi, müasir dövrü, repertuar siyasəti barədə ətraflı söz açan direktor qarşılıqlı əməkdaşlıqla əlaqədar niyyət sazişinə əsasən baş tutan ilk layihənin reallaşmasından məmnunluqla danışdı. Bildirdi ki, sazişə əsasən, Lənkəran və Ağdam teatrları arasında qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulub.


Səriyyənin vəfasını alqışlayanlar


Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası tələbkar və teatrsevər ağdamlıların qarşısına repertuarlarındakı ən baxımlı nümunələrdən biri – Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” dramının tamaşası ilə çıxmışdı.

Ailə-məişət mövzusundan bəhs etsə də, cəmiyyətin ən dərin problemlərini cəhalətin girdabında batmaqla bədbəxtlik saçan insanların simasında göstərən tamaşa yenə öz təsir dairəsini genişləndirə bilmiş, seyrçilərə təsir etmişdi. Bu mənada diqqətimi çəkən bir məqam tamaşanın tempinin heç düşməməsi idi. Tamaşaçının təbii reaksiyası, bəzən emosional, çılğın münasibəti aktyorlara da əməlli-başlı təsir eləmişdi.

Onu da qeyd edim ki, maraqla qarşılanan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir. Rolları Aynur Əhmədova (Səriyyə), Səyyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlar Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər.

Tamaşaçıların sürəkli alqışlarlarından sonra səhnəyə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov çıxaraq qonaq kollektivi salamladı, yaradıcı əlaqələrdən, hər iki teatrın inkişafına təkan verəcək yaradıcı mübadilədən məmnunluqla danışdı.


Qara damlar, ağ damlar


Qarşılıqlı təşəkkürlər, təbriklər, alqışlar müşayiətində hamı bayıra – binanın önündə dayanan avtobuslara tələsirdi. Təbii ki, ələlxüsus da ölkənin o başından gələnlər. Hələ təri soyumayan aktyorlar qaça-qaça yerlərini aldılar. Hiss olunurdu, aralarında pəncərənin yanındakı oturacağı tutmaq üçün yüngülvarı yarışdılar da. Onlarla yol yoldaşı olmaq üçün yanlarında bənd oldum. Qəsdən teatrın ən kövrək, ən həssas aktrisasının, obrazda olduğu kimi, gözünün yaşı tamaşadan sonra da qurumayan Aynur Əhmədovanın yanında oturdum.

Avtobusumuz nəzarət-buraxılış məntəqəsindən ötüb işğaldan azad olunmuş torpaqlarımıza çatanda bayaqdan dil boğaza qoymayan yol yoldaşlarım sükuta qərq oldular. Ağdamın kəndlərini keçdikcə əsgərlik xatirələrindən danışan, “molodoyluq”dan təxrisinə burada keçən hərbi xidmətinin az qala hər anını uca səslə danışan Səyyad Əliyev də susdu. Onun hər sözünə zarafatla qulp qoyan, beləcə, özü qarışıq hamımızın həyəcanını yatırmağa çalışan Əbülfəz Axundov da kiridi. Nəzərlərim aram-aram ağdamlı dostlarının Ağdam xatirələrini yada salan Sucəddin Mirzəyevdə dayandı. Gözləri dolmuş bəyaz saçlı, həlim kişinin üzündə qəribə bir hiddət hökm verirdi. Əsəbi halda dodaqaltı düşməni lənətləyir, yeksan olmuş ağ damların xarabalıqlarından boylanan bozarmış daşlara baxırdı.

Aynurun səssiz göz yaşlarına qoşulmamaq üçün özümü zorla saxlamışdım. Bu qədər adamın cıqqırı da çıxmırdı. Əvəzində onlar danışırdı – yollara boylana-boylana quruyan çinarlar, onların da qisasını almaq üçün zorla bar gətirən nar, xurma ağacları və yağışda ağlayıb, günəşdə qovurulan içinə həsrət hopmuş daş parçaları, binələrin qalıqları, evlərin xarabalıqları...

Hər kəs 27 il düşmən tapdağı altında qalmış torpağın həqiqətini, onun həsrətini və uzun ayrılığın vüsalını, onun səsini, avazını dinləyirdi...

Bilmirəm, amma mənə elə gəlirdi ki, bu gün, məhz indi bütün səslərdən həzin, bütün avazlardan gözəl olan Ağdam özü oxuyur. Özü də “Bayatı-Şiraz” üstündə ruhumuza sığal çəkir, illərlə özünü ovutduğu kimi bizi da sinəsinə sıxıb, arama çəkir.


Gəldim, səhra çiçəyim...


Ağdam Çörək Muzeyinin qalıqları önündə şəkil çəkdirən, dost-tanışına zəng vurub “Bax, mən Ağdamdayam” deyib sevinc göz yaşı axıdanları diqqətlə izləyən, tikilinin məşhur təsvirindən qopub səpələnən rəngli mərmər parçalarını ovcuna sığışdıranları gözdən keçirən bələdçimiz ən qısa zamanda yenidən əzəlki gözəllik və əzəmətinə qaytarılacaq yeni Ağdamdan danışırdı. Dövlətimizin Qarabağın yenidən qurulması və inkişafına yönəltdiyi layihələrindən söz açırdı. Beləcə, gördüyü dağıntıların miqyasından düşmənə qəzəb və nifrəti daha da artan bizlərə, az da olsa, təskinlik verməyə çalışırdı.

İkinci ziyarət ünvanımız bir zamanlar rayonun mərkəzi meydanı olan, indi isə daş və beton yığınına çevrilən məkan – Ağdam Dövlət Dram Teatrı, məşhur “Çay evi”, univermaq, bank və fəvvarənin olduğu yer idi.

Zaman-zaman premyeralara, konsert və görüşlərə səhnə olan teatr binası önündə sıralanan aktyorlar ani hüzn və heyrətdən sonra yenidən tikiləcək teatr binasında oynayacaqları tamaşaların xəyalını qurdular, hətta iki truppanın iştirakı üçün söz də aldılar.

Hərə öz aləmində idi. Qonaqlara qoşulan ağdamlı teatr təmsilçiləri də illərlə ayrı düşdükləri dağınıq təsvirlərə əl edir, dünənlə bu gün arasında əzablı bir var-gəl edirdilər. Kimisi uşaqlığına, kimisi qaynar gəncliyinə dönür və aradakı uzun həsrətin torpaq kimi onların da üz-gözündə açdığı şırımlara baxıb köks ötürürdülər.

Yol bizi günəşin al şəfəqlərində bir ayrı gözəllik və əzəmətdə göyün üzünə çəkilirmiş kimi uca görünən Ağdam Cümə məscidinə apardı. Bilmirəm niyə, amma o an mən bu qürurlu tikilini səhradakı çiçəyə bənzətdim. Solmamaq üçün günəş olan, bulud olan, torpaq olan çiçəyə.

Titrək əllər məscidin dağıdılmış divarlarında gəzdikcə, ayaqlar cadarlanmış sapsarı torpağa toxunduqca, nəzərlər günbəzin ən son nöqtəsində ilişdikcə adamın ruhu sanki bədənindən köç edir.


Sonuncu bir ovuc


Getmək vədəsi yetişəndə yadıma illər əvvəl dünyasını dəyişən qonşumuz – ağdamlı Ayna xala düşdü. Özümdən asılı olmayaraq onun əməlli-başlı oxşama ilə dediyi

Mən aşığam, ağ dama,
Qara dama, ağ dama.
Ay Allah, görən bir də
Havax gedəjəm Ağdama?

bayatısını pıçıldadım.

Oturdum, daha doğrusu, quru torpağa sanki kilidləndim. Əlimi torpağa sürtdükcə, onu sığalladıqca, barmaqlarımla daradıqca Ayna xalanı düşündüm. Cibimdən yaylığı çıxarıb yerə sərdim, torpağı ovcumda sıxdım, bir sıxma götürmək istədim. Sonra ani cəldliklə qalxıb, ovcumu sonadək açdım. Torpaq özünə qayıtdıqca, xəfif küləyin qanadlarında yerə qonduqca uşaq kimi sevindim. Sonra “Yaylıq ayrılıqdı” deyimi yadıma düşdü, onu da yerdən götürüb ürəyimdə “Sənin bir ovuc torpağını da səndən qoparmaq olmaz, Ağdam” söyləyərək bayaqdan məni səsləyən, tələsdirən bələdçiyə yaxınlaşdım. Asta səslə “Bayaqdan baxırdım, bilirdim ki, götürməyəcəksiz” deyib gülümsədi. Deyəsən, Ağdama gələnləri müşayiət edən adam kimi ovuc-ovuc torpaq “daşınması” onun da ürəyincə deyilmiş. Heç nə demədim. Bərk darıxırdım, ayaqlarım məni, əslində, heç birimizi aparmırdı. Könülsüz avtobusa qalxdım, uşaq kimi şüşəni açıb yolboyu gördüklərimi gözümə təpdim. Təbii ki, içimdə növbəti gəlişimdə daha gözəl, daha abad və yepyeni Ağdamı görəcəyimə sonsuz inam ilə...

Həmidə NİZAMİQIZI
Bakı-Ağdam-Bakı