Mirnadir Zeynalovun xatirəsinə həsr olunan filminin təqdimatı
Noyabrın 28-də Nizami Kino Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun (1942-2021) xatirəsinə həsr olunmuş “Bir rəssamın portreti” sənədli filminin premyerası keçirilib. Təqdimatda sənət adamları, rəssamın dostları və ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən filmin təşəbbüskarı və ssenari müəllifi, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib: “Ekran əsəri böyük sənətkar və gözəl insan Mirnadir Zeynalov haqqında ölümündən iki ay əvvəl lentə alınıb. Onunla filmin montajının ilk variantında birgə işlədik. Əfsus ki, filmin hazır, son versiyanı görmək rəssama qismət olmadı”.
Daha sonra rəssamın emalatxanasında lentə alınan sənədli ekran əsəri təqdim olunub.
Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunan filmin ssenari müəllifi və prodüseri Ş.Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Qeyd edək ki, noyabrın 17-də YARAT Müasir İncəsənət Məkanında fırça ustasının “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisi açılıb. 2022-ci ilin aprel ayına qədər davam edəcək sərginin ziyarətçiləri ekspozisiya zalında Xalq rəssamı haqqında bu sənədli filmi də izləyə bilərlər.
LALƏ